Polşalılarla “Şəmkir”in bizə tanıtdırdığı hesab
29.07.2011 - 19:12
Polşalılarla “Şəmkir”in bizə tanıtdırdığı hesab
Bu il Belçika və Azərbaycan təmsilçilərinin UEFA bayrağı altında keçirilən 2-ci görüşü də eyni hesabla nəticələndi. Apasport.az saytının məlumatına görə, belçikalılar milli komanda səviyyəsində olduğu kimi, klubların görüşündə də evdə bizə 4:1 hesabı ilə qalib gəldi.

Belçika və Azərbaycan yığmaları Avro-2012-in seçmə mərhələsində martın 29-da Brüsseldə görüşdülər. “Brügge” ilə “Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində ilk oyunu iyulun 28-də Brüggedə oldu. Rəşad Sadıqov, Vüqar Nadirov və Rauf Əliyev hər 2 görüşdə iştirak etdilərsə, qapıçı Fərhad Vəliyev ehtiyat oyunçular skamyasında yer aldı.

Ümumiyyətlə, bu hesab həm yığmalar, həm də klubların beynəlxalq miqyasda oyunlarından bizə yaxşı tanışdır. Təəssüf ki, millimiz bu hesabla yalnız uduzub, yəni 4:1 qalib gələ bilməyib. Klublar səviyyəsində isə hər iki nəticəni müşahidə etsək də, məğlubiyyətlərimiz daha çox olub.

Maraqlıdır ki, “Brügge” – “Qarabağ” oyununa qədər bizə bu hesabı polşalılarla “Şəmkir” klubu tanıtdırmışdı. Təsadüfi deyil ki, qeydə alınan 6 hesabdan yarısı hazırda I divizionda oynayan “Şəmkir”in payına düşür. Belə ki, ikiqat ölkə çempionumuz 2-də 1:4 uduzub, 1-də 4:1 udub. Özü də şəmkirlilərin 11 il öncə Çempionlar Liqasında (ÇL) hər 2 mərhələsində Bakıdakı cavab oyunları bu hesabla nəticələnib. Sadəcə, bunun 1-də Ağasəlim Mircavadovun çalışdırdığı komandamız “Skonto”nu əlavə vaxtda yenərək, klublarımızın avrokuboklarda ən böyük hesablı qələbəsini qazanıbsa, bundan 2 həftə sonra elə Tofiq Bəhramov adına Respublika stadionunda Praqa “Slaviya”sına 1:4 uduzub. Şəmkirlilərin 4:1 hesablı qələbəsi ilə ÇL-də ilk dəfə mərhələdə adladıq.

“Şəmkir” bundan 3 il sonra eyni hesabla məğlubiyyəti artıq fərqli turnirdə, məkanda və baş məşqçinin rəhbərliyi altında oynayıb. Belə ki, onda komanda UEFA kubokunda Qəhrəman Əliyevin rəhbərliyi altında “Tbilisi”yə Şəmkirdəki doğma stadionunda uduzmuşdu. Yeganə bağlılıq bu dəfə də nəticənin cavab görüşündə qeydə alınmağıdır.

Avrokuboklarda 1:4 hesablı məğlubiyyətimizin tarixi isə polşalılardan başlayır və bu da ÇL-də olub. Onda LKS evdə Gəncənin “Kəpəz” klubunu 3 top fərqi ilə yenmişdi. “Qarabağ”ın Belçikadakı oyununa qədər qitə miqyaslı turnirində sonuncu 1:4 hesablı məğlubiyyəti də məhz Polşa təmsilçisindən almışdıq. Onda “Lex” öz meydanında “Xəzər Lənkəran”ı UEFA kubokunda belə hesabla üstələmişdi. Yeri gəlmişkən, həmin vaxt baş məşqçi olan Mircavadov Polşadakı məğlubiyyətdən dərhal sonra istefa verərək, “Xəzər Lənkəran”da ilk dönəmini başa vurdu.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov məşqçilik karyerasında beynəlxalq miqyasda ilk böyük hesablı məğlubiyyətində də səfərdə 4 top buraxmışdı. Ancaq fərq ondadır ki, Qurbanovun yetirmələri onda, yəni ötən ilin avqustun 19-da Avroliqanın son təsnifat mərhələsində Dortmund “Borussiya”sı ilə ilk oyunda qol vura bilməmişdi – 0:4.




1998/99 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
Lodz. LKS (Polşa) – “Kəpəz” (Azərbaycan) – 4:1

2000/01 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
Bakı. “Şəmkir” (Azərbaycan) – “Skonto” (Latviya) – 4:1
Çempionlar Liqası, II təsnifat mərhələsi
Bakı. “Şəmkir” (Azərbaycan) – “Slaviya” (Çexiya) – 1:4

2004/05 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
Şəmkir. “Şəmkir” (Azərbaycan) – “Tbilisi” (Gürcüstan) – 1:4

2008/09 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
Poznan. “Lex” (Polşa) – “Xəzər Lənkəran” (Azərbaycan) – 4:1

2011/12 mövsümü
Avroliqa, III təsnifat mərhələsi
Brügge. “Brügge” (Belçika) – “Qarabağ” (Azərbaycan) – 4:1

Mehman SÜLEYMANOV