Mais Mənsimov: Elə olsa, komanda zəifləyə bilər - MÜSAHİBƏ
29.07.2011 - 18:21
Mais Mənsimov: Elə olsa, komanda zəifləyə bilər - MÜSAHİBƏ
“Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimovun lent.az saytına müsahibəsi

- Avropa Liqasında mübarizəni dayandırmasından sonra “Xəzər Lənkəran”la bağlı müxtəlif ziddiyyətli məlumatlar yayılıb. Əslində vəziyyət nə yerdədir?
- Özüm hazırda Lənkərandan qayıdıram. Hər şey qaydasındadır. O şayiələri yayanlar “Xəzər Lənkəran”ı sevməyənlərdir. Bunlar onların buraxdığı şayiələr idi.

- Komandanız məşqlərə nə zaman başlayacaq?
- Hazırda futbolçular qısa müddətli istirahətdədirlər. İki gündən sonra komanda Lənkərana yollanaraq yeni mövsümün hazırlıqlarına başlayacaq.

- Mirça Rednikin taleyinə aydınlıq gəlib?
- Rednik komandamızın baş məşqçisidir və fəaliyyətini davam etdirir. Hazırda o, Bakıdadır.

- Bəs legionerlər?
- Bütün legionerlər komandadadırlar. Heç kim heç yerə getməyib.

- Emeka Opara da?
- Bəli. Ümumiyyətlə, “Xəzər Lənkəran”da kimin qalıb-qalmayacağına baş məşqçimiz qərar verəcək.

- İsrail “Makkabi”sini keçə bilmədikdən sonra klubunuz strategiyasını dəyişərək yerlilərə üstünlük verəcəyini açıqladı. Amma legionerlərin komandada qalacaqlarını deyirsiniz...
- Bəli, biz yerli futbolçu hazırlığına diqqəti artıracağıq. Amma bu, o demək deyil ki, heyətdəki bütün legionerlərdən imtina etməliyik. Elə olsa, komanda zəifləyə bilər.

- Hazırda yerli futbolçularla danışıqlar aparırsınız?
- Bəli. Baş məşqçimizin istəyinə uyğun olaraq, heyətimizi yerli futbolçularla da gücləndirəcəyik.