“Artıq “Neftçi”ni keçmişik”
16.10.2011 - 23:01
“Artıq “Neftçi”ni keçmişik”
“Çox gərgin oyun keçdi. Qoldan sonra müdafiəyə çəkilib, təşəbbüsü rəqibə verdik. Məqsədimiz onları əks-hücumda yaxalamaq idi”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun hücumçusu Baçana Sxadadze deyib.

Premyer Liqanın IX turunda “Neftçi”nin qonağı olan “bankirlər” minimal hesablı qələbə qazandı. Qarşılaşmada yeganə qolun müəllifi olan gürcü futbolçu bildirib ki, hesab başqa cür də ola bilərdi: “Bir neçə dəfə qol vurmaq imkanımız oldu. Təəssüf ki, həmin hücumları məntiqi sonluqla tamamlaya bilmədik. Hər halda, vacib qələbə qazandıq. Bu özünü yarış cədvəlində də göstərib. Artıq “Neftçi”ni keçmişik”.

Qələbəyə rəğmən, 24 yaşlı forvard “ağ-qaralar”ı tərifləyib. O, vurğulayıb ki, “Neftçi” hücum futbolunu sevən komandadır və onlarla mübarizə heç də asan deyil: “Onlar irəliyə böyük qüvvə ilə atılırlar. Bu kollektivin futbolçuları texnikalıdırlar. Biz, öz növbəmizdə, yaxşı müdafiə olunduq. Qapıçımız da gözəl oyun nümayiş etdirdi. Yekunda qalib gəldik”.

KAMRAN