“Neftçi” fantastik rekordunu davam etdirdi, “Kəpəz” həsrətə son qoydu
01.12.2011 - 10:31
“Neftçi” fantastik rekordunu davam etdirdi, “Kəpəz” həsrətə son qoydu
Azərbaycan kubokunun gələn il keçiriləcək 1/4 final mərhələsində yeni adlar olmayacaq. Apasport.az saytının məlumatına görə, 1/8 finalda qalib gələn komandaların hamısı əvvəllər də bu mərhələdə çıxış edib. Təkcə ötən mövsümlə müqayisə etsək 8 1/4 finalçıdan 6-sı yenə ən yaxşılar arasındadır. Burada yerini itirən “Abşeron” və “Turan” istisna olmaqla digərləri yenə 1/4 finaldadır. Bu 2 komandanı isə “Qarabağ” və “Kəpəz” əvəzləyib. Ağdamlılar 1 illik fasilədən sonra yenidən ¼ finaldadırsa Gəncə təmsilçisi uzun həsrətə son qoyub. “Kəpəz” sonuncu dəfə 2003/04 mövsümündə bu qədər irəliləmişdi.

Ümumilikdə isə 1/4 finalın əbədi iştirakçısı olan “Neftçi” dünya futbolunda da nadir hadisənin səbəbkarıdır. Belə ki, öz ölkəsinin kubokunda istisnasız, ardıcıl 20 dəfə 1/4 finala çıxan 2-ci komanda tapmaq çətindir.

1 illik fasilədən sonra adını 8-lər arasına yazdıran Ağdam təmsilçisi 13-cü dəfə bu mərhələyə yüksəlib. “Kəpəz” isə 8 illik fasilədən sonra bu rəqəmi 11-ə çatdırıb.

“Bakı” 12, “İnter” 9, “Xəzər Lənkəran” isə 8 dəfə 1/4 finalda oynayıb. Bu “3-lük” ardıcıl 8-ci dəfədir ki, buna nail olur. “Neftçi”ni də onlara əlavə etsək 2004/05 mövsümündən başlayaraq 8 komandadan ən azı 4-ü dəyişməz qalır. Ardıcıl 5-ci dəfədir ki, AZAL-da bu “4-lük”dən ayrı düşmür. “Qəbələ” 1/4 finalçılar arasında hamıdan az – 4 dəfə bu mərhələyə yüksəlib.