Anar Nəzirov: Həmin epizodda qol yox idi
01.12.2011 - 14:23
Anar Nəzirov: Həmin epizodda qol yox idi
“Həmin epizodda qol yox idi. Çünki topa hamıdan yaxında mən idim. Top qapı xəttini keçməmişdi. Hakimlər isə fərqli qərar verdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın qapıçısı Anar Nəzirov deyib.

O, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İnter”lə qalmaqallı oyunu haqda fikirlərini açıqlayıb. Mübahisəli qol epizoduna hamıdan yaxın olan qolkiper hesab 0:1 ikən ədalətsizliyin qurbanı olduqlarını düşünür.

Eyni zamanda, Nəzirov 2-ci hissədə meydana çıxmalarının daha düzgün olacağı fikri ilə də razıdır: “Hesab 0:2 olandan sonra oyunu davam etdirdik. Fasilədə isə rəhbərlik qərar verdi ki, 2-ci hissəyə çıxmayaq. Bu onların qərarıdır. Biz kimik ki, rəhbərliyin işinə müdaxilə edək? Amma biz həqiqətən də yaxşı oynayırdıq. Qol imkanlarımız da var idi. Mübarizə aparırdıq. 2-ci hissəyə çıxsaydıq, 2 topun əvəzini çıxa da bilərdik. Lakin rəhbərlik oynamamağa qərar verdi”.

Qapıçının sözlərinə görə, rəhbərlik mübahisəli epizodla bağlı onun da fikrini öyrənib: “Fasiləyə çıxan kimi rəhbərlik yanıma gəldi. Onlar məndən qolun olub-olmadığını soruşmaq istəyirdilər. Dedim ki, niyə məndən soruşursunuz, gedin, videotəkrara baxın. Rəhbərlik də PFL nümayəndələri ilə birlikdə həmin epizodu izlədi. Qol olmadığına əmin olandan sonra isə bizə oynamamaq qərarını açıqladılar”.

Qeyd edək ki, 1-ci hissənin sonlarında buraxılan mübahisəli qoldan narazı olan “Turan” matçın 2-ci hissəsinə çıxmaqdan imtina edib. Bu isə o deməkdir ki, hakim səhvi təsdiqlənsə belə, “Turan” texniki məğlubiyyətdən qaça bilməyəcək.