Branimir Subaşiç 4 illik intizara son qoydu
01.12.2011 - 14:54
Branimir Subaşiç 4 illik intizara son qoydu
Branimir Subaşiç cari mövsümdən oynadığı “Xəzər Lənkəran”da 102 günlük qol susqunluğunu pozdu. Apasport.az saytının məlumatına görə, milli komandamızın 29 yaşlı hücumçusu XX Azərbaycan kubokunda debüt oyununda fərqlənməklə, bunu gerçəkləşdirdi.

Subaşiç I divizion təmsilçisi “Qarabağ Lökbatan”a Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna böyük hesabla qalib gəldikləri matçın (3:0) 31-ci dəqiqəsində 2-ci qolun müəllifi oldu.

Maraqlıdır ki, Branimir “Xəzər Lənkəran”ın heyətində Premyer Liqada da debüt oyununda qol vurmağı ilə yadda qaldı. Bu, III turda avqustun 20-də “Turan”a 3:1 hesabı ilə qalib gəldikləri matçdır. Ancaq fərq ondadır ki, lənkəranlılar həmin ev oyununu öz doğma stadionlarında keçirdilər. Bu dəfə isə oradakı meydançanın qazonu yararsız olduğundan, cənublular kubok oyununun Bakıda keçirilməyinə qərar verdi. “Turan”la Lənkərandakı oyunda dubl edən Subaşiçin əla debütündən sonra qollarını sıralayacağı gözlənilsə də, 3 aydan artıqdır fərqlənə bilmirdi. O, bu müddətdə millimizin oyunlarında da iştirak etsə, rəqib qapısına yol tapmağı bacarmadı.

Ümumiyyətlə, Subaşiç kubokda vurduğu qolla 4 illik intizara son qoydu. Məsələ ondadır ki, milliləşdirilən serbiyalı hücumçu 2007-ci ildən bu yana Azərbaycan kubokunda qol vurmamışdı. Bunu sonuncu dəfə həmin vaxt “Neftçi”nin heyətində edən Branimir ötən mövsüm “Qəbələ”də çıxış etdi. Ancaq serbiyalı bu komandanın heyətində cəmi 2 qol vurdu ki, o da çempionatda oldu.

Qeyd edək ki, Branimir ölkəmizdə ilk klubu olan “Neftçi”də 3 il (2005-08-ci illər) oynayıb. Ancaq hələ ki nəinki Azərbaycan kubokunu, ümumiyyətlə, ölkəmizdə tutul qazanmayan hücumçunun finalda da oynamaq imkanı olmayıb.