“Futbolçu bir mövqedə oynayanda, daha çox faydalı olur”
03.12.2011 - 00:02
“Futbolçu bir mövqedə oynayanda, daha çox faydalı olur”
“Təbii ki, futbolçu baş məşqçinin tapşırdığı mövqedə oynamağa borcludur. Ona görə mən də çalışdırıcının tapşırığını yerinə yetirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.

Yayda yenidən “Qəbələ”yə dönən futbolçu komandaya gəldiyi gündən müxtəlif mövqelərdə çıxış etmək məcburiyyətində qalıb. Toni Adamsın əsasən müdafiənin sağ cinahda yer verdiyi Hüseynovu ingilis mütəxəssisin istefasından sonra baş məşqçi təyin edilən Fateh Kavlak müdafiənin mərkəzinə çəkib.

“Neftçi”, eləcə də “Bakı” ilə matçlarda bu mövqedə çıxış edən 23 yaşlı futbolçu “Neftçala” ilə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyununda yenidən müdafiənin sağ cinahında oynamalı olub. Təbii ki, futbolçu tez-tez mövqe dəyişikliyi etdikdə müəyyən çətinliklə üzləşir: “Demək olar, bütün mövqelərdə oynamışam. Hər dəfə baş məşqçinin taktiki düzülüşünə uyğun olaraq, fərqli mövqedə çıxış edirəm. Bu da müəyyən qədər çətinlik yaradır. Biri var, daim mərkəzdə oynayım, biri də var sağa çəkilim. Harda oynayıramsa-oynayım, həmişə həmin yerdə oynayım”.

Bu arada bazar günü “Sumqayıt Şəhər”lə qarşılaşacaq “Qəbələ”nin oyunçusu qələbədən başqa çıxış yollarının olmadığı bildirib: “Başqa yolumuz yoxdur. Hər bir oyun bizim üçün final matçıdır. “Sumqayıt Şəhər” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, “Qarabağ” kimi komandanı məğlub edib. Bundan dərs çıxarmaq lazımdır”.

Deon Bartonun yoxluğunda qol ümidlərini Serje Cehuaya bağladıqlarını deyən futbolçu onun hazırda formada olduğuna inanır.