Mahmud Qurbanov: Oynamayanda, adamın səsi də gəlmir
03.12.2011 - 00:05
Mahmud Qurbanov: Oynamayanda, adamın səsi də gəlmir
“Oynamayanda, adamın səsi də gəlmir. Futbolçu gərək meydana çıxsın ki, yada düşsün”. Bu sözləri apasport.az saytına “Sumqayıt Şəhər” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

Yaydan Premyer Liqanın debütantı “Sumqayıt Şəhər”in formasını geyinən təcrübəli futbolçu ilk vaxtlarda əsas heyətdə yer alsa da, baş məşqçi Bernard Raab son matçlarda onun adını protokola belə daxil etməyib. Qurbanov “Qarabağ”la kubok oyununa zədəli olduğu üçün getmədiyini deyib: “Qarabağ”la oyuna ayağım ağrıdığına görə getmədim. Köhnə zədəm incidirdi. Müalicə kursu keçdim və hər şey qaydasındadır. İnşallah, “Qəbələ” ilə matçda meydana çıxaram”.

Oyun haqda da fikrini bildirən ölkənin ən titullu futbolçusu turnir cədvəlinin “zirzəmi”sindən qurtulmaq istədiklərini deyib: “Bizim üçün hər oyun vacibdir. Xal gətirmək üçün gedirik. Buna nə dərəcədə nail olacağıq, oyun göstərəcək. Hər xalın bizim üçün böyük əhəmiyyəti var. Onsuz da aktivimizdəki xalların sayı azdır və turnir cədvəlinin sonuncu pilləsindəyik”.

Yeri gəlmişkən, ölkə kubokunun 1/8 final matçı çərçivəsində Ağdamda keçirilən “Qarabağ” – “Sumqayıt Şəhər” matçında Aslan Kərimov futbolçu karyerasını rəsmi şəkildə bitirdi. Bəs görəsən, 37 yaşlı futbolçu karyerasını nə vaxt bitirmək istəyir?

Qurbanovun cavabı konkret olmadı: “Mənim də vaxtım çatacaq, futbolçu karyeramı başa vuracam. Bununla bağlı konkret heç nə deyə bilmərəm. Hələ oynamaq istəyirəm”.