"Fənərbaxça" Futbol A.Ş.-də yeni idarə heyəti – Mahmut Uslu klubdakı vəzifəsini davam etdirəcək
23.07.2026 - 17:44
"Fənərbaxça" Futbol A.Ş.-də yeni idarə heyəti – Mahmut Uslu klubdakı vəzifəsini davam etdirəcək

"Fənərbaxça" Futbol A.Ş.-nin idarə heyətində dəyişiklik edildiyini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, iyulun 23-də keçirilən növbədənkənar ümumi yığıncaqda Futbol A.Ş.-nin idarə heyətinin tərkibi yenilənib. Bundan əvvəl KAP-a təqdim olunan məlumatda yeddi nəfərin, o cümlədən Mahmut Uslunun idarə heyətindən ayrıldığı açıqlanmışdı.

Klubun bəyanatında Mahmut Uslunun uzun illər "Fənərbaxça"ya müxtəlif vəzifələrdə xidmət göstərdiyi vurğulanıb. Qeyd olunub ki, o, gənc idarəçilərə yer açmaq məqsədilə Futbol A.Ş.-nin yeni idarə heyətində təmsil olunmamağı seçib. Bununla yanaşı, Mahmut Uslu "Fənərbaxça" klubundakı fəaliyyətini davam etdirəcək.

Yeni idarə heyətinin sədri Aziz Yıldırım olub. Barış Göktürk sədr müavini təyin edilib. İdarə heyətində Nihat Özbağı, Cihan Kamer, Tanju Kaya, Mehmet Selim Kosif, Özgür Peker, Mustafa Çağlar, Fatih Öztürk, Feridun Geçgel, Batuhan Özdemir, Yusuf Buğra Tanık və Mehmet Aydın da yer alıblar.

Qeyd edək ki, "Fənərbaxça" daha əvvəl KAP-a göndərdiyi bildirişdə Futbol A.Ş.-nin idarə heyətində yeddi nəfərin istefa verdiyini açıqlamışdı. Yeni tərkib keçirilən növbədənkənar ümumi yığıncaqdan sonra rəsmiləşdirilib.