Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella dünya çempionatı öncəsi komandanın hazırlığı barədə danışıb.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis İHA-ya açıqlamasında ABŞ-dakı hava şəraitinə toxunub.
Montella mundialda komandaları çətin hava şəraitinin gözlədiyini bildirib:
“Buradakı istiyə uyğunlaşmalıyıq. Mən Adanadakı istini gördüyüm üçün daha asan uyğunlaşacağam. Dünya çempionatı belə bir turnirdir. Hava şəraiti, uzun məsafələr və fərqli şərtlər hamıya təsir edəcək. Əsas məsələ buna tez uyğunlaşmaqdır”.
İtaliyalı çalışdırıcı Türkiyə millisindəki atmosferdən də razılıq edib. O, futbolçuların turnirə yüksək motivasiya ilə hazırlaşdığını söyləyib:
“Biz özünə güvənən və cəsarətli komandayıq. Həm gənc, həm də təcrübəli futbolçularımız var. Hər kəs məsuliyyətini hiss etməlidir. Nələr edə biləcəyimizi bilirik. Ən yaxşı şəkildə təmsil etməli olduğumuz bir ölkə var. Hamını qürurlandırmaq istəyirik”.
Montella dünya çempionatı ilə bağlı hədəflərini də açıqlayıb:
“Xəyallarımız böyükdür, amma addım-addım irəliləməliyik. Çox çalışmalıyıq. Burada olduğum üçün çox xoşbəxtəm. Milli komandada hər şeyi emosional olaraq daha güclü hiss edirsiniz”.
Baş məşqçi yekun heyət seçiminin də asan olmadığını vurğulayıb:
“Son seçimləri etmək çox çətin idi. Digər komandaları da izləyirdik. Onlar da 80-90 milyon avroluq futbolçuları heyətə almadılar. Bu, işimizin bir hissəsidir. Bəzi futbolçuları gətirə bilmədiyimiz üçün məyusuq. Seçimləri bütün oyunları və rəqibləri nəzərə alaraq etdik”.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.