Sabah Türkiyə Superkubokunun qalibi müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gələcək.
Oyun öncəsi keçirilən mətbuat konfransında “sarı-qırmızılılar”ın baş məşqçisi Okan Buruk bir sıra açıqlamalar verib.
Təcrübəli mütəxəssis maraqlı və gərgin bir matç olacağını bildirib: “İki komanda arasında meydandakı rəqabətin nə qədər yüksək olduğunu bilirik. Hazırda kənardakı dostluq mesajlarının çox vacib olduğu bir dövrdən keçirik. Bu rəqabətin yalnız meydan daxilində qalması ən böyük arzumdur. Gözəl bir oyun olsun. Yarımfinallarda bunu gördük. Finala layiq iki komanda qarşılaşacaq. Liqadakı mübarizəmiz də davam edir. Bəlkə kuboku qazanmaq psixoloji üstünlük verə bilər. Həm mənim, həm də futbolçularım adından dostluq şəraitində gözəl bir gecə olmasını arzulayıram”.
Hər iki komandanın yarımfinal görüşlərində kuboku nə qədər istədiyini nümayiş etdirdiyini vurğulayan Buruk sözlərinə belə davam edib: “Sabah hər iki komandanın qələbə üçün hər şeyi edəcəyi bir oyun olacaq. Liqada bəzən qorxuların daha çox hiss olunduğu matçlar olur. Xal fərqinin açılmaması kimi vəziyyətlər yaşana bilir. Hər komanda qələbə üçün meydana çıxır, lakin bəzi oyunlarda futbolçular öz planlarından kənar olaraq daha çox özlərini itirməməyə fokuslanırlar. Sabah final oyunu oynanacaq. Hər iki tərəfin oyuna və qələbəyə kökləndiyi, gərgin və mübarizəli bir qarşılaşma bizi gözləyir. Yarımfinaldakı performanslara baxanda baxımlı bir matç olacağına inanıram. Bu dövrdə iki futbolçumuz – Viktor Osimhen və İsmail Yakobs – Afrika Millətlər Kubokundadır. Bundan başqa, Vilfred Sinqo da sabah heyətdə olmayacaq. Transfer təkcə sizin istəyinizlə baş tutmur. Ya çox yüksək məbləğlər ödəməlisiniz, ya da müqavilə baxımından daha asan olan futbolçuları seçməyə məcbur qalırsınız. Çempionlar Liqasında yeni transferləri oynada bilməyəcəyimiz üçün bir az daha vaxta ehtiyacımız olduğunu düşünürük. Mənim üçün də bu dövr asan olmayacaq”.
Qeyd edək ki, Türkiyə Superkubokunun final oyunu yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.