[b]Nicat Rəhimovun atası: Onun yenidən Azərbaycan millisinə qayıdışı mümkündü[/b]
25.11.2015 - 12:44
[b]Nicat Rəhimovun atası: Onun yenidən Azərbaycan millisinə qayıdışı mümkündü[/b]

“Azərbaycanlı başqa bayraq altında uğur qazanırsa belə, bu ölkəmizin fəxridi. Mən də istəyərdim ki, Nicat bu uğura Azərbaycan millisində imza atsın”. Bunu apasport.az saytına Qazaxıstan yığmasının şərəfini qoruyan ağırlıqqaldıran Nicat Rəhimovun atası Əli Rəhimov deyib.

 

O, oğlunun ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmasının sevincini bölüşüb. Rəhimov bildirib ki, Nicatın çempion tituluna yiyələnməsində Azərbaycanın rolu danılmazdı: “Oğlum burada anadan olub, burada idmanın sirlərinə yiyələnib. Bunu danmaq olmaz. Federasiya rəhbərliyi, Gənclər və İdman Nazirliyinin böyük dəstəyi sayəsində Nicat bu səviyyəyə qalxıb. O, Qazaxıstana getsə də, bunların əməyini dəyərləndirir. Yəni, hazırda bizi pul mükafatı, əmək haqqı və digər şeylər maraqlandırmır. Hələ mən Nicatı yığmadan götürüb Qazaxıstana gedəndə dedim ki, istəyimiz oğlumun karyerasının uğurla davam etməsi, dünya, Olimpiya çempionluğu olmasıdı. Şükürlər olsun, arzularımızdan biri reallaşdı. Həqiqətən həmin vaxtda da, hazırda da bizi maliyyə maraqlandırmayıb”.

 

Rəhimov oğlunun Azərbaycan millisini tərk etməyəcəyi halda dünya çempionu olmaq ehtimalına da aydınlıq gətirib. Onun sözlərinə görə, yığmamızın əvvəlki məşqçilər korpusu ilə bu nəticəni qazanmaq olmazdı: “Bəli, Azərbaycan Ağır Atletika Federasiyasına ən böyük zərbəni Zlatan Vanev vurdu. Bu, danılmazdı. Amma hazırkı çalışdırıcılarla bəlkə də həmin titulu əldə edə bilərdi. Hər halda, dəqiq nəsə fikir söyləməkdə çətinlik çəkirəm”.

 

Ata Rəhimov oğlunun arzusunu da açıqlayıb. O qeyd edib ki, Nicat fəxri kürsüyə Azərbaycan və Qazaxıstan bayrağı ilə birgə çıxmasa belə, əsas istəyi daima üçrəngli bayrağımızı yüksəklərə qaldırmaq olub: “Yarış gedə-gedə belə onunla danışırdım. Nicat hələ Qazaxıstana getməmişdən öncə, Azərbaycan millisində ən böyük arzusu hansısa möhtəşəm yarışda gücünü yoxladıqda prezidentimiz İlham Əliyevin onun çıxışını izləməsi idi. İnşallah, nə vaxtsa Azərbaycan bayrağını da qaldırar”.

 

Əli Rəhimov Qazaxıstan adına mundialın “qızıl”ını qazanan oğlunun yenidən Azərbaycana dönüşünü də istisna etməyib. O bildirib ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında sonra bəlkə də bu barədə fikirləşmək olar: “Artıq oğlum gedib və bunu müzakirə etmək düzgün deyil. Qayıtmağına gəlincə, bu də hələlik mümkünsüzdü. Artıq Qazaxıstan adına yarışa çıxıb və həmin ölkənin vətəndaşıdı. Onun yenidən komandamızda iştirakını gələcək göstərəcək. Rio-2016-dan sonra bu barədə fikirləşmək olar. Düzdü, Nicat, inşallah nə vaxtsa vətənə dönəcək. Lakin hər şeyi zamanın ixtiyarına buraxaq. Hazırda ABŞ-da bizim idmançıları, yığmanın məşqçilərini təbrik edirlər. Çünki oğlum Azərbaycan idmanın yetirməsidi”.

 

Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Nicat həmin il Avropa çempionu adına da sahib olub. Qazaxıstan adına isə qatıldığı ilk dünya çempionatında, 77 kq çəki dərəcəsində bütün rəqiblərindən güclü olduğunu sübuta yetirib.

 

0