Tərlan Quliyev: Gərək toparlanaq - MÜSAHİBƏ
07.03.2014 - 17:15
Tərlan Quliyev: Gərək toparlanaq - MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Neftçi”nin müdafiəçisi Tərlan Quliyevin apasport.az saytına müsahibəsi

 

- Moldova ilə oyun barədə nə deyə bilərsiniz?

- Rəqibimiz Avropa çempionatının seçmə mərhələsində qrupunda 12 xal yığıb. Bu, onların real gücündən xəbər verir. Çətin oyun oldu. Bizim də heyətimiz çox dəyişib. Bəziləri əsas milliyə çağırılıb. Yeni futbolçular da çox idi. 3-4 gün cəmi bir yerdə məşq etdik. Uyğunlaşma çətin oldu. Bu mənada müəyyən çətinliklər yaşadıq. Ümumilikdə götürsək, pis oynamadıq.

 

- Əsas yığmaya çağırılanların olmaması, Rəhman Hacıyevin zədələnməsi oyunuza nə qədər təsir etdi?

- Düzünü Allah bilər, amma düşünürəm ki, onlar olsaydı, biz qələbə qazanardıq. Bəlkə də belə olmazdı, amma daha yaxşı oynayardıq, buna əminəm.

 

- Kapitan sarğısı ilə meydana çıxdınız. Bu, səndə nə hisslər yaratdı?

- Komandada hamı məni tanıyırdı. Kapitan kimi meydana çıxsam da, özümü hamıdan üstün aparmadım.

 

- Amma kapitan meydanda məşqçi kimi sayılır. Gərək digər futbolçular da bunu hiss etsin. Sizdə isə bu çatışmır...

- Onu düz buyurursunuz. Bilirsiniz, mən təzə-təzə kapitan olmuşam. Həm də sakit təbiətli olduğumdan, qışqırmağı sevmirəm. Amma gərək bunun üzərində daha çox işləyim və tam mənasıyla kapitan olmağı bacarım.

 

- Qapımızda qol vəziyyətlərinin əksəriyyəti müdafiəçilərin top itirməsindən sonra yaranırdı. Bu nə ilə əlaqədar idi?

- Bu, yuxarıda qeyd etdiyim uyğunlaşma ilə bağlı idi. Mən Elvin Bədəlovla, önümdə oynayan İlqar Ələkbərov və Vüqar Mustafayevlə yeni-yeni bir yerdə oynayırıq. Elvinlə ikinci matçdır ki, yanaşı çıxış edirik. Yeri gəlmişkən, o, çox istedadlı oyunçudur. Gələcəkdə bu çatışmazlıqların üzərində işləyib bunları aradan qaldıracağıq.

 

- İkinci hissədə daha çox kobudluq etməyə başladınız...

- Bu bir epizodda oldu. Onda da meydanın mərkəzində belə etdim. Lakin düşünürəm ki, bunu etməsəm rəqib kəskin hücum quracaqdı. Necə deyərlər, buna məcbur oldum.

 

- İyunda U-21-i Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveçlə oyun gözləyir. Bu görüşdən nə gözləyirsiniz?

- Bu qarşılaşmaya ciddi hazırlaşmaq lazımdır. Biz norveçlilərlə səfərdəki matça tam kökləndik və onlara qalib gəldik. Vətənimizdə də bu cür hazırlaşmağa borcluyuq. Meydana qələbə qazanmaq üçün çıxacağıq və bunun üçün əlimizdən gələni edəcəyik.

 

- İndi də gələk “Neftçi”yə. Komanda son turlarda yaxşı çıxış etmir. Buna səbəb nədir?

- Cəzalı futbolçularımız çoxdur. Bu da istər-istəməz oyunumuza öz təsirini göstərir. Lakin hələ heç nə itirilməyib. Gərək toparlanaq.

 

- Həftəsonu “Qəbələ” ilə oyununuz var. Bu matç sizin üçün böyük əhəmiyyət daşıyır...

- Tamamilə razıyam. Son turlarda çox xal itirmişik. Daha geriyə yol yoxdur. Rəqib çox yaxşı komandadır. Yaxşı hücum xətti var. Lakin biz də güclüyük. Üstəlik, cəzalı futbolçularımız da heyətə qayıdır. Qəbələdə maksimum gücümüzlə oynamağa çalışacağıq.

 

- Cari mövsümdə keçirdiyiniz hər iki oyunda rəqibə qalib gəlmisiniz. Bu sizə hər hansı üstünlük gətirirmi?

- Düzdür, onlara qalib gəlmişik. Lakin bu, indiki məqamda bizə arxayınlaşmaq üçün səbəb vermir. Matça tam konsentrasiya olmalı və uğur qazanmalıyıq.

 

- “Neftçi” ötən mövsüm də çətin vəziyyətə düşdü. Lakin sonda yenidən qızıl medalları boynundan asdı. Titulunuzu qoruyacağınıza inanırsınızmı?

- Hələ də şansımız qalır. Sona qədər mübarizə aparacağıq. Əl-qolumuzu yerə sallamağın mənası yoxdur.

 

- Eyni zamanda ölkə kubokunun 1/4 finalında “İnter”lə qarşılaşacaqsınız...

- Əgər “Qəbələ”yə uduzsaq, mövsümü titulla başa vurmaq üçün gərək kuboku qazanaq. İstənilən variantda kubokda da mübarizə aparacağıq. Rəqib çətin olsa da, onların keçməliyik.

 

0