“Dinamo” çempion, “Rabitə” üçüncü oldu - YENİLƏNİB
16.03.2014 - 20:26
“Dinamo” çempion, “Rabitə” üçüncü oldu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 2013/2014 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakıda “Kristal Hall”da keçirilən “Dördlər finalı”nın sonuncu günündə qalibin və bürünc mükafatçının adına aydınlıq gəlib.

 

Meydana öncə Azərbaycan çempionu “Rabitə” çıxıb. Yarımfinalda Kazan “Dinamo”suna uduzan Eldar Yusubovun yetirmələri “Vakıfbank”la bacarmayan “Əczaçıbaşı”nı sınağa çəkib. Bundan öncə 2 dəfə Çempionlar Liqasının “Dördlər finalı”na yüksələn və hər ikisində gümüş medala yiyələnən Bakı təmsilçisi bu dəfə 3-cü yer uğrunda qüvvəsini sınayıb.

 

Oyun komandamız üçün uğurlu alınıb. Rəqibinə heç bir şans verməyən “Rabitə” ilk seti 4 top öndə bitirib. Komandamız ikinci hissədə daha baxımlı oyun nümayiş etdirib. Kazan “Dinamo”su ilə görüşdə zəif təsir bağışlayan “Rabitə” “Əczaçıbaşı”nı çətin vəziyyətə salıb. Bunun nəticəsində voleybolçularımız seti 25:12 hesabı ilə aktivinə yazıb.

 

Üçüncü hissə bir qədər gərgin alınıb. Bakıya çempionluq arzusu ilə gələn “Əczaçıbaşı” oyunda dönüş yaratmaq üçün bütün gücünü meydanda qoyub. Onlar hətta setin gedişində bir neçə dəfə irəli də çıxıblar. Lakin yekunda “Rabitə” üstün olub – 27:25.

 

Beləliklə, “Əzcaçıbaşı”ya 3:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi qatıldığı 3-cü “Dördlər finalı”nı da medalla başa vurub. Sadəcə, əvvəlki 2 yarışda gümüş medal qazanan “Rabitə” bu dəfə 3-cü yerlə kifayətlənib.

 

Finalda isə 2 il öncə məhz paytaxtımızda bürünc medal qazanan Kazan “Dinamo”su son qalib “Vakıfbank”la qarşılaşıb. Oyun əvvəldən-axıradək rusiyalı voleybolçuların üstünlüyü şəraitində keçib. Türkiyə təmsilçisi ciddi müqavimət göstərsə də, alınmayıb və Kazan klubu titulu istanbullulardan alıb. Bu, həmçinin “Dinamo”nun tarixində ilk qızıl medal olub.

 

“Dördlər finalı”, Bakı

16 mart

FİNAL

“DİNAMO” (KAZAN, RUSİYA) – “VAKIFBANK” (TÜRKİYƏ) - 3:0 (25:23, 25:11, 25:23)

 

Üçüncü yer uğrunda

“RABİTƏ” (AZƏRBAYCAN) - “ƏCZAÇIBAŞI” (TÜRKİYƏ) - 3:0 (25:21, 25:12, 27:25)

0