Kişi voleybolçular arasında Azərbaycan çempionatının finalçıları müəyyənləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Neftçi”, Fövqəladə Hallar Nazirliyinin komandası (FHN), “Masallı” və “Kürdəmir” mayda baş tutacaq “Dördlər finalı”nda ölkənin ən güclüsünün adına aydınlıq gətirəcəklər.
Belə ki, Bakıda baş tutan yarımfinalda “Neftçi”, FHN, “Sumqayıt” və “Sərhədçi” klubları mübarizə aparıblar. Onlardan sonuncu ikisi rəqiblərindən zəif olduqlarından yarışla vidalaşıblar.
Masallıda baş tutan digər yarımfinal “dördlüyü”ndə isə ev sahibləri ilə yanaşı, “Kürdəmir”, “Şəki” və “Salyan” voleybolçuları güclərini yoxlayıblar. 3 turun yekununa əsasən “Masallı” və “Kürdəmir” mərhələ adlayıblar.