Çempion heyətin vingeri yenidən “Neftçi”də? - AZARKEŞLƏRİN SEVİMLİSİ QAYIDIR
03.03.2025 - 12:03
Çempion heyətin vingeri yenidən “Neftçi”də? - AZARKEŞLƏRİN SEVİMLİSİ QAYIDIR

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” Sabir Buqrinin xidmətində maraqlıdır.

Sabir Buqrin “Neftçi”yə qayıdır?

Paytaxt təmsilçisi sabiq vingerini komandaya geri qaytarmaq niyyətindədir. Transferi baş məşqçi Samir Abasovun şəxsən istədiyi bildirilir.

2020-21 mövsümündə “Neftçi” ilə ölkə çempionluğu yaşayan mərakeşli özü də keçidə qarşı deyil.

Sabir Buqrin hansı komandada çıxış edir?

28 yaşlı futbolçu hazırda ölkəsinin “Raya Kasablanka” klubunda çıxış edir. O, komandanın daimi heyət üzvüdür. Buna baxmayaraq, Buqrin Avropaya qayıtmaq və avrokuboklarda iştirak etmək niyyətindədir.

Samir Abasov Buqrin haqda nə düşünür?

Buqrin “Neftçi”də oynadığı dövrdə baş məşqçi Samir Abasovun vazkeçilməzlərindən idi. Ötən mətbuat konfransında mütəxəssis Buqrinlə bağlı suala belə cavab verib:

“Yayda heyətdə dəyişikliklər olacaq. Elə mövqelər var ki, orda başqa tip oyunçular görməyi xoşlayıram. Bu gün həmin futbolçular yoxdur”.

Sabir Buqrin hansı klublarda çıxış edib?

O, karyerasına Belçikada başlayıb. Buqrin peşəkar futbolçu kimi “Lyers” komandasında debüt edib. Daha sonra Fransa “Paris”ində və Lüksemburq “Dudelanj”ında oynayan Sabir 2020-ci ilin yayında “Neftçi”yə gəlib.