
“İlk Olimpiadamı 1/8 finalda başa vurdum. Bu, pis nəticə deyil”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan qılıncoynadanı Anna Başta deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarında 1/8 finalda mübarizəni dayandıran sablyaçı üzləşdiyi uğursuzluğa baxmayaraq Yaponiya paytaxtından məmnun ayrılıb: “Əsas odur ki, yaxşı qılınc oynatdım. Özümlə fəxr edirəm. İrəliyə doğru böyük addım atdım. Deyə bilərəm ki, ilk oyunlarım müsbət nəticə, müsbət təcrübə ilə nəticələndi. Əlbəttə, evə Olimpiya çempionu statusu ilə qayıtmaq istəyərdim. Amma Olimpiya medalları konfet vazında qoyulmayıb ki, sadəcə yaxınlaşıb götürəsən. Mənim vaxtım hələ qabaqdadır. Bunun üzərində çalışıram”.
Milliləşən legioner ABŞ təmsilçisi Anne-Elizabet Stouna qarşı keçirdiyi ilk görüşün nəyin hesabına qələbə ilə bitirməsinə aydınlıq gətirib: “Sevinirəm ki, Olimpiadadakı ilk görüşümdə qələbə qazandım. Amerikalı Elizabet-Anne Stouna qalib gəldim. Bu qarşılaşmaya bir neçə ay hazırlaşmışam. Şadam ki, məşqçi ilə qurduğumuz taktika özünü doğrultdu. Bütün bunlar hədər getmədi. Çox ağır idi. Öz oyun üslubumu diqtə etmək asan olmadı. Rəqib oyun boyu məni sındırmaq, ritmdən çıxarmağa, görüşün axarını dəyişməyə çalışırdı. Hakimlərlə mübahisələr edirdi. Lakin mən buna hazır idim. Nə edəcəyimi bilirdim. O da mənimlə görüşə xüsusi hazırlıqla çıxmışdı. Amma emosiyalarımın öhdəsindən daha yaxşı gəldim”.
1/8 finalda rusiyalı Olqa Nikitinaya uduzaraq mübarizəni dayandıran Başta əlindən gələni etdiyini bildirib: “İkinci qarşılaşmam isə təəssüf ki, məğlubiyyətlə bitdi. Çox ağır “setka”ya düşmüşdüm. Bəli, üzücü idi. Amma sonadək döyüşdüm. Bilirəm ki, nədə uduzmuşam. Bu da çox vacibdir. Bir az istirahət edib, sonra səhvlərim üzərində çalışacağam”.
Anna Olimpiadanın bəxş etdiyi hisslərdən də danışıb: “Emosiyalar baxımından çox qeyri-adi turnir idi. Soyadını Olimpiada ilə yanaşı qoyanda dərhal adamı həyəcan bürüyür. Olimpiadada qələbə qazanmaq sözlə ifadə olunmayacaq emosiyalar bəxş edir. Məni dəstəkləyən, azarkeşlik edən, gecə 4-də oyanıb mənə, mənim ilk Olimpiadama baxan hər kəsə, ailəmə, idman ailəmə təşəkkür edirəm”.
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb