Azərbaycanın ən titullu güllə atıcısı reytinq cədvəlində 84-cü pilləyə enib
02.06.2008 - 11:11
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın ən titullu güllə atıcısı İradə Aşumova Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) yeni reytinq cədvəlində böyük geriləməyə məruz qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı pnevmatik tapança ilə 10 metrlik məsafədən hədəfə atəş açanların siyahısında 16 pillə geriləyərək, 84-cü yerə enib. Vaxtilə dünyanın ən güclü güllə atıcılarından sayılan İ.Aşumovanın belə sürətlə geriləməsinə onun son yarışlardakı uğursuzluğu səbəb olub. Bundan başqa, veteran idmançı Pekin Olimpiadasına lisenziya qazana bilmədiyindən Dünya Kubokunun Almaniya və İtaliyada keçirilən mərhələlərindən kənarda qalıb. Bu turnirlərdə qüvvəsini sınayan Nigar Bağırova da yerini cədvəlin aşağı pillələrinə doğru dəyişib. O, 103 xalla 40-cı sırada qərarlaşıb (10 metr, pnevmatik tapança). Eyni zamanda, 25 metrlik məsafədən kiçikçaplı tapançadan atəş açanların siyahısında N.Bağırova 66-cı, İ.Aşumova isə 68-ci olub. Pnevmatik tüfənglə atəş açan xanım idmançıların reytinq cədvəlində yalnız bir azərbaycanlı Mehriban Məcidova yer alıb ki, o da 17 xalla 109-cu sıraya sahib çıxıb. Kişi güllə atıcılarımızdan Ruslan Lunyov 71-ci, Şükürağa Eyvazov 115-ci pilləyə yüksəlib. Hər iki idmançımız 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açanların siyahısında qərarlaşıb. Stend atıcımızı, Sidney Olimpiadasının qalibi Zemfira Meftahəddinova isə yenə 28-ci yerdədir.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0