Azərbaycan avarçəkənləri Dünya Kubokunun mərhələ yarışında 200 metr məsafəyə yürüşdə yarımfinal səddini dəf edə bilməyiblər
06.06.2008 - 15:50
Azərbaycan avarçəkənləri Dünya Kubokunun mərhələ yarışında 200 metr məsafəyə yürüşdə yarımfinal səddini dəf edə bilməyiblər
Zeqed. Elşən Məmmədov – APA-Sport. Macarıstanın Zeqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsində bu gün yarımfinal mərhələsinin startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan idmançıları günün ilk yarısında 200 metr məsafəyə yürüşdə iştirak ediblər. Kanoeçimiz Aleksandr Kasatkin 45 saniyə 427 mikrosaniyə (45,427 san.) nəticə ilə 9 iştirakçı arasında V yeri tutub. Bu nəticə idmançımızin finala yüksəlməsinə imkan verməyib. Kayakçıların mübarizəsində Fikrət Zeynalov eyni məsafəni 45,538 saniyəyə qət edib. Nəticədə öz yarımqrupunda 9 iştirakçı arasında VIII olan F.Zeynalov da finala çıxa bilməyib. İki nəfərlik qayıqlarda isə Fikrət Zeynalov – Elmar Məmmədov dueti yarışa qatılmayıb. Səbəb qoşa qayıqlarda mübarizənin F.Zeynalovun fərdi çıxışından cəmi 15 dəqidə sonraya təsadüf etməsi olub. Əvəzində bu duet sabah startı veriləcək 500 metrlik məsafəyə yürüşdə çıxış edəcək.
Qeyd edək ki, 35 ölkənin qatıldığı Dünya Kubokunun mərhələ yarışında kanoe qayıqlarında yalnız kişilər, kayak qayıqlarında isə həm kişi, həm də qadınlar mübarizə aparır. Azərbaycan avarçəkənləri kişilərin yarışında iki kayakçı və iki kanoeçi ilə təmsil olunur. Artıq kanoeçimiz Valentin Demyanenko həm 200, həm də 500 metr məsafəyə yürüşdə finala vəsiqə qazanıb.
0