Əmrə Belözoğlu: “Portuqaliya yığması təkcə Ronaldodan ibarət deyil”
06.06.2008 - 17:33
Əmrə Belözoğlu: “Portuqaliya yığması təkcə Ronaldodan ibarət deyil”
Bakı – APA-Sport. “Portuqaliya yığması ilə oyun bizim üçün asan keçməyəcək. Amma elə portuqaliyalılar üçün də bu matç çətin olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğlu deyib. Avropa çempionatının final mərhələsində sabah Portuqaliya millisi ilə keçirəcəkləri görüş haqda fikirlərini bölüşən 27 yaşlı futbolçu 90 dəqiqə ərzində oyuna nəzarət etməli olduqlarını söyləyib: “Komandadaxili müzakirələr və baş məşqçimiz Fatih Terimlə söhbət zamanı belə nəticəyə gəlmişik ki, portuqaliyalılara öz oyununu göstərmək imkanı verməməliyik. Matçın gedişinə nəzarət etsək, üstünlük əldə edə bilərik. Çünki komandamızda səviyyəli futbolçular var”. Az öncə Türkiyənin “Fənərbaxça” klubu ilə müqavilə bağlayan Ə.Belözoğlu rəqibin heyətində Kriştiano Ronaldonun çıxışını yüksək dəyərləndirib: “Ronaldu əla çıxış edir. Onu dayandırmaq çətindir. Lakin biz bütün diqqətimizi yalnız Kriştianoya yönəltməyəcəyik. Çünki rəqib təkcə Ronaldodan ibarət deyil”. Yığmada 56 oyun keçirən futbolçu kollektiv daxilində yaxşı ab-havanın olduğunu bildirib. Lakin o, əhval-ruhiyyənin gələcəkdə də belə davam etməsinin ilk görüşün nəticəsindən asılı olacağını vurğulayıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlanacaq Portuqaliya – Türkiyə matçını almaniyalı referi Herbert Fandel idarə edəcək.
0