Roberto Donadoni: “Hakimlərin səhvləri gülüş doğururdu”
14.06.2008 - 11:07
Roberto Donadoni: “Hakimlərin səhvləri gülüş doğururdu”
Bakı - APA-Sport. “Rumıniya ilə oyunda inadlı və diqqətli idik. Düşünürdüm ki, zəhmətimiz hədər getməyəcək və hesabda əksini tapacaq. Ancaq bu matç bizim üçün uğursuz oldu”. “APA-Sport”un məlumatına görə, bu sözləri İtaliya milli komandasının baş məşqçisi Roberto Donadoni Avropa çempionatının C qrupu çərçivəsində Rumıniya ilə görüşdən sonra deyib. O bildirib ki, rəhbərlik etdiyi kollektivin qələbə qazana bilməməsində (1:1) hakimlərin də günahı olub: “Açığı, oyunun idarəçiliyini şərh etmək istəmirəm. Gəlin, belə deyək: bu gün bizim kimi, hakimlər üçün də uğursuz alındı. Hollandlarla qarşılaşmada Panuççi zədələnərək meydanın kənarında qalsa da, hakim qapımıza vurulan qolu hesaba aldı. Rumıniya ilə görüşdə isə yan xətt hakimi Toninin fərqləndiyi epizodu ofsayd kimi dəyərləndirdi. Hakimlərin səhvləri gülüş doğururdu”. İtaliyalı mütəxəssis müdafiədə kobud səhv buraxan Canluka Zambrottanı dəstəkləyib: “Qələbəyə məhz mənim komandam layiq idi. Çünki rəqibdən yaxşı nəzərə çarpırdıq. Hücumçularımız Avropa çempionatında hələlik qol vura bilməyiblər. İnanıram ki, növbəti matçda onlar fərqlənəcəklər. İstənilən halda bütün futbolçular, o cümlədən Toni və Zambrotta yaxşı oynadı. Müdafiədə səhvə yol verdiyimizi demək düzgün deyil”.
Rumıniyanın baş məşqçisi Viktor Pitsurka isə nəticədən razı qaldığını gizlətməyib. O, 1/4 finala yüksəlmək şanslarını belə dəyərləndirib: “Dünya çempionu ilə matçda 3 xal qazanmağımız pis olmazdı. Lakin sonda 1 xalla kifayətləndik. Fikrimcə, növbəti mərhələyə çıxmaq şansımız var. Bundan ötrü köhnə tanış Hollandiyanı məğlub etməliyik”. V. Pitsurka 80-ci dəqiqədə Adrian Mutunun vura bilmədiyi penalti barədə də danışıb: “Mutu çox pərişandır. Onu başa düşmək olar. Adrian yüz faizlik qol şansını qaçırdı. Yəqin ki, ona İtaliyanın qapısını dünya şöhrətli qapıçının qoruması mane oldu. Penalti epizodunda Mutu pis oynamadı, sadəcə, Buffon zərbəyə möhtəşəm reaksiya göstərdi. Qələbəni əldən buraxdığımıza görə mən də, yetirmələrim də təəssüflənirik. Buna baxmayaraq, mübarizə davam edir. Komandam 3 xalla da 1/4 finala vəsiqə qazana bilər”.
0