Raymon Domenek: “Hollandiyanın axırıncı turda Rumıniyanı məğlub edəcəyini düşünmək sadəlövhlükdür”
14.06.2008 - 11:35
Raymon Domenek: “Hollandiyanın axırıncı turda Rumıniyanı məğlub edəcəyini düşünmək sadəlövhlükdür”
Bakı - APA-Sport. “Bizim ən güclü mövqeyimiz müdafiə xətti idi. Ancaq əksər hallarda arxa xətdə boşluqlar görünürdü. Tədricən uğur bizi tərk etdi və hollandiyalılar istəklərinə çatdılar”. “APA-Sport”un məlumatına görə, bu sözləri Avropa çempionatında Hollandiyaya 1:4 hesabı ilə məğlub olan Fransa yığmasının baş məşqçisi Raymon Domenek deyib. Fransalı çalışdırıcı bildirib ki, künc zərbəsindən sonra buraxılan ilk qoldan sonra futbolçular psixoloji problemlə üzləşiblər: “Bu qol fərqli oyun göstərməyimizin vacibliyinə işarə idi. Sonradan 20 dəqiqədə 4-5 real qol epizodu yaratdıq. Ancaq Hollandiyanın qapıçısı Edvin van der Sar keçilməz oldu”. Milli komandanın üzvlərindən şikayətlənən R. Domenek 1/4 finala yüksəlmək şanslarının qaldığını bildirib: “Tapşırıqlarım yerinə yetirilmədi. Məğlubiyyətin əsas səbəbi budur. Qrupdan çıxacaq ikinci komanda Hollandiya - Rumıniya matçı zamanı da müəyyənləşə bilər. 6 xalla qrup lideri olan Hollandiyanın son turda əsas heyətlə mübarizə aparacağına inanmıram. Bu komandanın var qüvvəsini sərf edərək Rumıniyaya qalib gələcəyini düşünmək sadəlövhlükdür”.
Hollandiyanın baş məşqçisi Marko van Basten isə hesab edir ki, Rumıniyaya qarşı yaxşı oynamaq lazımdır: “Biz vacib məqamlarda qollara imza atırıq. Fransalılar güclü təzyiq göstərsələr də, onları zərərsizləşdirdik. Çünki əla qapıçımız var. Axırıncı turda qarşılaşacağımız Rumıniya ilə görüşdə də yaxşı oyun nümayiş etdirmək lazımdır”.
Qeyd edək ki, son turun nəticələrindən asılı olmayaraq Hollandiya qrup lideri qismində Avro-2008-in 1/4 finalında iştirak hüququna yiyələnib.
0