Luka Toni: “Adama elə gəlirdi ki, top sadəcə, qapıya girmək istəmir”
14.06.2008 - 11:43
Luka Toni: “Adama elə gəlirdi ki, top sadəcə, qapıya girmək istəmir”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Rumıniya ilə görüş heç-heçə başa çatsa da, komandamın oyunundan razı qaldım. Biz yüksək səviyyədə keçirdiyimiz matçda çoxlu qol imkanları yaratdıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri Avro-2008-də Rumıniya ilə oyunun ən yaxşı futbolçusu seçilən İtaliya yığmasının aparıcı üzvü Andrea Pirlo deyib. “Milan”ın 28 yaşlı yarımmüdafiəçi bəxtsizlikdən şikayətlənib: “Hələ ki bəxtimiz gətirmir. Bu gün çoxlu hücum etdik, rumınlar isə əks-hücuma üstünlük verirdilər. İstənilən yolla qalib gəlmək istəyimizi nəzərə alsaq, bu, normaldır. Oyundan razı qalsaq da, iki turdan sonra hesabımızda cəmi bir xal var. Buna görə də sonuncu turda fransızları mütləq məğlub etməliyik. ¼ finala çıxmaq şanslarımız hələ də qalır”. İtaliya yığmasının əsas hücumçusu Luka Toni isə rumınlarla oyunda xal itkisinə görə hakimi günahlandırıb: “Rumıniya asan rəqib olmasa da, biz əla təsir bağışladıq. Ancaq adama elə gəlirdi ki, top sadəcə, qapıya girmək istəmir. Nəhayət, top qapıya girəndə isə hakim qolu hesaba almadı. Sonradan o, qapımıza penalti zərbəsi təyin etdi. Ancaq Allaha şükür, Buffon bizi xilas etdi. Rəqib öz cərimə meydanında 4-5 dəfə qayda pozuntusuna yol verdiyi halda, hakim buna reaksiya vermirdi. Halbuki, o, oyunun gedişini köklü şəkildə dəyişə bilərdi”.
Qeyd edək ki, İtaliya – Rumıniya görüşü 1:1 hesabı ilə başa çatıb.
0