UEFA-nın Avropa çempionatının əsasnaməsində etdiyi son dəyişiklikdən əziyyət çəkən ilk komanda Türkiyə yığmasıdır
17.06.2008 - 10:51
UEFA-nın Avropa çempionatının əsasnaməsində etdiyi son dəyişiklikdən əziyyət çəkən ilk komanda Türkiyə yığmasıdır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. UEFA-nın Avropa çempionatının əsasnaməsində etdiyi son dəyişiklikdən əziyyət çəkən ilk komanda Türkiyə yığması olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, ötən ay UEFA İcraiyyə Komitəsinin (İK) qəbul etdiyi qərara əsasən türkiyəlilərin yarımmüdafiəçisi Mehmet Aurelio komandasının növbəti oyununda meydana çıxa bilməyəcək. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının ¼ final mərhələsinin ikinci görüşündə Xorvatiyaya qarşı oynamayacaq braziliyalı qrup mərhələsində aldığı iki sarı vərəqə üzündən cəzalı duruma düşüb. Hərçənd UEFA İK Moskvadakı iclasınadək mövcud olan qaydalara görə, ilk 3 oyunda alınan sarı vərəqələr futbolçuların hesabından silinirdi. Bu M.Aurelioya Xorvatiyaya qarşı matçda çıxış etmək imkanı verirdi. Lakin əsasnaməyə edilən dəyişiklik bunun yalnız yarımfinal öncəsi mümkün olmasına mümkün edib. Belə ki, artıq ilk 4 matçda hakimlərin göstərdiyi bütün sarı vərəqələr futbolçuların hesabından silinir. Bu addım ən güclü oyunçuların final oyunundan kənar qalmamağı məqsədilə atılıb. Əvvəlki əsasnaməyə görə, ¼ və ½ finalda xəbərdarlıq alan oyunçu həlledici görüşdən kənar qalmalı olurdu. Bu yeniliyin təşəbbüskarlarından olan UEFA prezidenti Mişel Platini qərar qəbul olunduqdan sonra bunun üzərində neçə ildir çalışdırdıqlarını bildirmişdi. Onun sözlərinə görə, yenilik aparıcı oyunçuların finalda oynaması ilə yanaşı ¼ finalda xəbərdarlıq almış futbolçunun yarımfinalda riskin təsiri altında oynamamağına da imkan verəcək.
Qeyd edək ki, Xorvatiya – Türkiyə oyunu iyunun 20-də keçiriləcək.


0