Valentin Demyanenko Dünya Kubokunun II mərhələsində V yeri tutub
17.06.2008 - 11:25
Valentin Demyanenko Dünya Kubokunun II mərhələsində V yeri tutub
Duysburq. Elşən Məmmədov - APA-Sport. Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun II mərhələsinə yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, 35 ölkənin çıxış etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri həm kayak, həm də kanoe növlərində yalnız 500 metr məsafəni qət etmək uğrunda mübarizə aparıblar. İdmançılarımızdan ən yüksək nəticəni 1 nəfərlik qayıqda kanoeçimiz Valentin Demyanenko göstərib. Dünya Kubokunun I mərhələsində 200 metr məsafəyə yürüşdə qızıl medal qazanan V.Demyanenko bu dəfə ümumi nəticədə V yeri tutub. Digər kanoeçimiz Aleksandr Kasatkin seçmə mərhələni dəf etsə də, yarımfinalda 2:05.821 dəqiqə nəticə göstərərək, 9 iştirakçı arasında VIII yeri tutub. Bu nəticə idmançımızın finala çıxmasına imkan verməyib. Kayakçılarımızdan Fikrət Zeynalov 1 nəfərlik qayıqda seçmə mərhələdə 1:59.143 dəqiqə göstərici ilə 9 iştirakçı arasında VIII yeri tutub. Nəticədə həmyerlimiz yarımfinala çıxa bilməyib. 2 nəfərlik qayıqda isə Fikrət Zeynalov – Elmar Məmmədov dueti yarımfinalda çıxış edə biliblər. Həmyerlilərimiz seçmə mərhələdə 1:57.723 dəqiqə nəticə ilə 7 iştirakçı arasında sonuncu olsalar da, reqlamentə əsasən, yarımfinalda çıxış etmək imkanı əldə ediblər. Lakin onlar növbəti cəhddə 1:53.143 dəqiqə nəticə göstərərək, 9 iştirakçı arasında VIII yeri tutublar.
0