Andrey Arşavin: “Rəqib Azərbaycan olsa belə, Türkiyə yığması öz oyununu nümayiş etdirir”
17.06.2008 - 12:16
Andrey Arşavin: “Rəqib Azərbaycan olsa belə, Türkiyə yığması öz oyununu nümayiş etdirir”
Rusiyanın “Zenit” klubunun heyətində UEFA kubokunun qalibi olan 26 yaşlı hücumçunun sözlərinə görə, Türkiyə yığmasının çıxışı onlar üçün ibrət dərsi olmalıdır: “Türkiyə milli komandası eyni səviyyədə oynayır ki, bu da vacib amildir. Həm yığmalarımız, həm də klublarımız belə çıxış etməyi tez öyrənməlidirlər. Yəni, söhbət istənilən rəqiblə öz oyununu nümayiş etdirməkdən gedir. Hazırda Rusiya yığmasında UEFA kubokunu qazanan 12 futbolçu var. Deməli, artıq qazanılan böyük qələbələr hər şeyi həll etmir. Biz hələ ki məhz mentalitet baxımından geri qalırıq”. Cəza səbəbindən Avropa çempionatında ilk iki oyunu buraxan A.Arşavin İsveçlə sabahkı həlledici görüşdə qələbə qazanacaqlarına böyük inam bəsləyir. Futbolçu heç-heçənin rəqibə sərf etməsini özləri üçün mənfi cəhət saymır: “Əksinə, bu, bizim üçün üstünlükdür. Əgər heç-heçə bizi qane etsəydi, yalnız bu haqda düşünüb, sonda məğlub olacaqdıq. İndiki vəziyyətdə risk edərək, futbol oynayacağıq. Risk İsveç ilə görüşdə qələbə qazanmağımızın yeganə yoludur. Bununla yanaşı, meydanda hamımız düzgün oynamalıyıq. Hesab edirəm ki, qrupumuzda lider kimi ¼ finala çıxan İspaniya Avropa çempionu ola bilməyəcək. Çempion Portuqaliya, Almaniya və Hollandiya yığmalarından biri, turnirin ən yaxşı futbolçusu isə Kriştiano Ronaldo və ya Deku olacaq”.
0