Xorvatiyaya qarşı oynayacaq Türkiyə milli komandasının təxmini heyəti açıqlanıb
19.06.2008 - 13:22
Xorvatiyaya qarşı oynayacaq Türkiyə milli komandasının təxmini heyəti açıqlanıb
Bakı - APA-Sport. Avropa çempionatının 1/4 finalında sabah Xorvatiya ilə qarşılaşacaq Türkiyə yığmasının təxmini heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Fatih Terimin ötən oyunla müqayisədə start heyətdə 3 dəyişiklik edəcəyi gözlənilir. Qapıçı Volkan Demirəl qrup mərhələsinin son turunda Çexiya ilə matçda (3:2) qırmızı vərəqə aldığından onu Rüştü Rəcbər əvəzləyəcək. Bundan başqa, “ay-ulduzlular”dan Mehmet Aurelio da sabahkı görüşü buraxacaq. Braziliyalı yarımmüdafiəçi qrup matçlarında iki sarı vərəqə qalaraq, cəzalı duruma düşüb. Onun əvəzinə ilk “11-lik”də ya Ayhan Akman, ya da Sabri Sarıoğlu yer alacaq. Zədəli Əmrə Güngörün yoxluğunu isə Əmrə Aşık unutdurmağa çalışacaq. Böyük ehtimalla, Çexiya ilə görüşün iştirakçıları Sərvət Çətin, Hakan Balta, Mehmet Topal, Nihat Kahveci, Semih Şəntürk, Arda Turan, Hamit Altıntop və Tuncay Şanlı Xorvatiyaya da qarşı ilk dəqiqələrdən mübarizəyə qoşulacaqlar.
0