Bastian Şvaynştayqer: “Yarımfinalda Xorvatiya ilə görüşmək istəyirəm”
20.06.2008 - 12:02
Bastian Şvaynştayqer: “Yarımfinalda Xorvatiya ilə görüşmək istəyirəm”
Bazel. Elşən Məmmədov - APA-Sport. “Yarımfinalda Xorvatiya yığması ilə görüşmək istəyirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının yarımmüdafiəçisi Bastian Şvaynştayger Avropa çempionatının ¼ finalında Portuqaliya yığması üzərində 3:2 hesablı qələbədən sonra deyib. 24 yaşlı oyunçu qrup mərhələsində 1:2 hesabı ilə uduzduqları Xorvatiya millisindən revanş almaq istədiklərini bildirib: “Biz turnirin ən yaxşı komandası olan Portuqaliyanı yenməyi bacarmışıq. İndi isə yarımfinalda xorvatiyalılarla qarşılaşmaq niyyətindəyəm. Onlardan məğlubiyyətin əvəzini çıxmaq istəyirik. Avstriyalılarla oyunda cəzalı olduğum üçün matçı tribunadan izlədim. Oyun vaxtı Almaniya kansleri Angela Merkellə söhbət edirdim. O, mənə dedi ki, 2006-cı il dünya çempionatındakı kimi oyna, axmaqlıq etmə. Kanslerin sözlərinə isə qulaq asmaq lazımdır”. Gənc futbolçu, həmçinin özünü əla hiss etdiyini və gücünə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, qrup mərhələsində Xorvatiya ilə görüşün uzatma dəqiqələrində rəqib futbolçunu vurduğu üçün meydandan qovulan B.Şvaynştayger Avstriya ilə növbəti matçı buraxmalı olub. Cəzasını başa vurduqdan sonra Portuqaliyaya qarşı ¼ final oyununda yenidən meydana çıxan futbolçu 22-ci dəqiqədə çozgedişli kombinasiyanı qolla tamamlayaraq, hesabı açıb. Almaniya millisinin növbəti rəqibi bu gün keçiriləcək Xorvatiya – Türkiyə matçından sonra müəyyənləşəcək.
0