Azərbaycan avarçəkəni Cavid Əfəndiyev Dünya Kubokunun III mərhələsində yarımfinala çıxa bilməyib
21.06.2008 - 13:25
Azərbaycan avarçəkəni Cavid Əfəndiyev Dünya Kubokunun III mərhələsində yarımfinala çıxa bilməyib
Poznan. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə milli komandası Polşanın Poznan şəhərində iyunun 20-də start götürən Dünya Kubokunun III mərhələsində çıxış edir. «APA-Sport» agentliyinin məlumatına görə, yarışın ilk günündə mübarizəyə Cavid Əfəndiyev qoşulub. 1 nəfərlik yüngül çəkili qayıqda çıxış edən 18 yaşlı idmançımız seçmə mərhələdə Yeni Zelandiya, Belçika, Macarıstan və Əlcəzair avarçəkənləri ilə eyni yarımqrupda yarışıb. Nəticədə C.Əfəndiyev 2000 metrlik məsafəni 7:28.28 dəqiqəyə qət edərək, 5 idmançı arasında 4-cü yeri tutub. Təsəlliverici mübarizədə isə həmyerlimizin rəqibləri Finlandiya, Venesuela, Əlcəzair və Meksika idmançıları olublar. Bu dəfə avarçəkənimiz daha yaxşı - 7:20.13 dəqiqə nəticə göstərib. Lakin o, yenə 4-cü olub. Bu nəticə ilə C.Əfəndiyev yarımfinala vəsiqə qazana bilməyib.
Bu gün idmançılarımız dörd nəfərlik yüngül çəkili qoşa avarlı qayıqda çıxış edəcəklər. Tərkibi Xəyal Zülfüqarov, Cavid Əfəndiyev, Fikrət Məmmədov və Kamal Məmmədovdan ibarət avarçəkmə kvartetimiz birbaşa finalda çıxış edəcək. Belə ki, bu kateqoriyada yarışa cəmi 5 ölkə qatıldığından, turnirin reqlamentinə əsasən, onlar həlledici mərhələdə mübarizə aparacaqlar. Avarçəkənlərimizin rəqibləri Almaniya, İtaliya, Fransa və Böyük Britaniya təmsilçiləri olacaq.
0