Quus Hiddink: “Futbolçularımız sadəcə, möcüzə etdilər”
22.06.2008 - 12:25
Quus Hiddink: “Futbolçularımız sadəcə, möcüzə etdilər”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mən komandamın nailiyyətləri ilə həddən artıq fəxr edirəm. Hollandiya ilə ¼ final oyununa bərpa olunmaq üçün iki günümüz var idi, taktiki hazırlığa isə heç vaxtımız qalmamışdı. Həmyerlilərimə hesabı bərabərləşdirmək imkanı yaratsaq da, futbolçularımız əlavə vaxtda sadəcə, möcüzə etdilər. İndi güclü emosiyalar keçirdiyim üçün, baş verənlərə adekvat qiymət verə bilmirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri Rusiya yığmasının baş məşqçisi Quus Hiddink Avro-2008-nin ¼ finalında Hollandiya milli komandasını məğlub etdikləri (3:1) oyundan sonra deyib. Rusiyanı tarixində ilk dəfə yarımfinala çıxaran 62 yaşlı hollandiyalı mütəxəssis bildirib ki, yetirmələri həmyerlilərindən bütün oyun komponentlərində üstün olub: “Bu gün super oynadıq. Yaxşı tanıdığım Hollandiyanı zərərsizləşdirmək üçün oyunlarını dəqiq təhlil etmişdik. Rəqib yalnız standart vəziyyətlərdən təhlükə yaradırdı. Problemlərimizdən biri belə vəziyyətlər zamanı pis müdafiə olunmaq, o biri isə lazımsız qayda pozuntularına yol verməyimizdir. Oyunun intriqasını xeyli əvvəldən öldürməli idik. Fantastik texnikaya malik Andrey Arşavinlə işləmək çox xoşdur. O, anadangəlmə qalib, fitri istedada malik futbolçudur”. Yarımfinalda rəqibi haqda düşünmədiyini söyləyən Q. Hiddink ilk növbəsində komandasına güvənir: “İki gün istirahət edəcəyik. Yarımfinalda İspaniya və İtaliya yığmalarından hansının münasib rəqib olması haqda hələ fikirləşməmişəm. İstənilən rəqibə hörmətlə yanaşırıq. Yeni yaranan gənc komandamız var. Çox futbolçularımızın heç avrokuboklarda oyun təcrübəsi yoxdur. Məni təəccübləndirən odur ki, komandamız tez öyrənir və ustalıq səviyyəsini artırmaq istəyir. Xahişlərimi belə yerinə yetirən komanda ilə işləmək çox xoşuma gəlir. Bütün Rusiyanın bizə baxaraq azarkeşlik etdiyini yaxşı bilirəm. Bu, məsuliyyətimizi artırır, axı biz milyonlarla insana sevinc bəxş edirik”.
Qeyd edək ki, Rusiyada yığma komandalarının yarımfinala çıxmasını təmtəraqla bayram edən azarkeşlər Q. Hiddinkə ölkə vətəndaşlığının verilməsini istəyiblər.
0