Zemfira Meftahəddinova Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının reytinq cədvəlində 9 pillə irəliləyib
23.06.2008 - 10:44
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniya və Serbiyada keçirilən stend atıcılığı üzrə Dünya Kubokunun iki mərhələ yarışından sonra Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının növbəti reytinq cədvəli açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıya Azərbaycanın 6 idmançısının adı düşüb. Təmsilçilərimizdən ən çox irəliləyişə Zemfira Meftahəddinova nail olub. Sidney Yay Olimpiya Oyunlarının qalibi 352 xalla 19-cu pilləyə sahib çıxıb. Z.Meftahəddinova son iki yarışda medal qazana bilməsə də (müvafiq olaraq, 16-cı və 7-ci yer), ötən reytinqlə müqayisədə 9 pillə yüksəlib. Beynəlxalq turnirlərdə qüvvəsini sınayan yeganə kişi stend atıcımız Emin Cəfərovun adı yenidən siyahıda əksini tapıb. O, 4 xalla 91-ci sırada qərarlaşıb. Güllə atıcılarının reytinqində isə cüzi dəyişiklərə rast gəlmək mümkündür ki, bu da son 3 həftədə beynəlxalq yarışın keçirilməməsi ilə bağlıdır. 10 metrlik məsafədən hədəfə pnevmatik tapança ilə atəş açanların siyahısında Ruslan Lunyov 70-ci, Şükürağa Eyvazov 115-ci yeri tutub. Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Nigar Bağırova həm 10, həm də 25 metrlik məsafədən atəş açanların siyahısında mövqeyini qoruyub. 21 yaşlı idmançı ayrı-ayrı növlərdə 40-cı və 65-ci sırada qərarlaşıb. Əvəzində, ölkəmizin ən titullu güllə atıcısı İradə Aşumova 1 pillə irəliləyərək, 83-cü olub (10 metr). Afina Olimpiadasının bürünc medalçısı 25 metrlikdə 2 pillə gerilədiyi üçün 70-ci yerə enib.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0