Avropa çempionatında bütün yarımfinalçılar müəyyənləşib
23.06.2008 - 09:00
Avropa çempionatında bütün yarımfinalçılar müəyyənləşib
Baş məşqçi Luis Araqonesin komandası dünya çempionları ilə qarşılaşmanın əsas və əlavə vaxtında üstün oyun nümayiş etdirib. Bir neçə epizodda ispaniyalı futbolçular rəqibin cərimə meydançası daxilində yerə yıxılsalar da, almaniyalı baş hakim Herbert Fandel onların penalti istəklərini rədd edib. 120 dəqiqəlik mübarizə ərzində qapılara qol vurulmayıb – 0:0. Penaltilər seriyasında isə İspaniya yığmasının qapıçısı İker Kasilyas italiyalı həmkarı Canluici Buffondan üstün olub. 27 yaşlı İ.Kasilyas Daniele De Rossi və Antonio Di Natalenin zərbələrini dəf edib. C.Buffon isə yalnız İspaniya Primerasının bombardiri Daniel Gizanın vuruşunun qarşısını ala bilib. Nəticədə 4:2 hesablı qələbə qazanan İspaniya millisi 24 il sonra mötəbər turnirlərdə ¼ final mərhələsini dəf edib. Pireney yarımadası təmsilçisi sonuncu dəfə 1984-cü il Avropa çempionatının finalında oynayıb. Həmin vaxt «sarı-qırmızılar» həlledici matçda Fransa yığmasına uduzaraq, gümüş medal qazanıblar. İspaniya millisi həm də İtaliya yığmasından 14 il öncə dünya çempionatının ¼ finalında aldığı 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıb. Tarixi ərzində yalnız bir dəfə - 1964-cü ildə Avropa çempionu olan ispaniyalılar yenidən eyni uğuru təkrarlamağa yaxındırlar. Bunun üçün L.Araqonesin komandası əvvəlcə qrup mərhələsində 4:1 hesabı ilə darmadağın etdiyi Rusiya yığmasını iyunun 26-da Avstriyanın paytaxtı Vyanadakı «Ernst Happel» stadionunda keçiriləcək yarımfinal matçında da məğlub etməlidir.
Qeyd edək ki, İspaniya yığması yarımfinal iştirakçıları arasında qrup mərhələsini lider kimi tamamlamış yeganə komandadır. Qitə birinciliyi öncəsi «ölüm qrupu» adlandırılan C qrupundan yarımfinalda heç bir komanda təmsil olunmayacaq. A və B qruplarından ikinci pillələri tutanlar, D qrupundan isə hər iki pillənin sahibləri mübarizəni davam etdirəcəklər. Digər yarımfinal matçı iyunun 25-də İsveçrənin Bazel şəhərindəki «Sent Yakob-Park» stadionunda Almaniya və Türkiyə milliləri arasında olacaq.
0