Oliver Birhoff: “Türkiyə geri çəkilən komandaları əfv etmir, inanmayan İsveçrə, Çexiya və Xorvatiyadan soruşsun”
23.06.2008 - 12:09
Oliver Birhoff: “Türkiyə geri çəkilən komandaları əfv etmir, inanmayan İsveçrə, Çexiya və Xorvatiyadan soruşsun”
Bazel. Elşən Məmmədov – APA-Sport. “Türkiyə yığması oyuna nəzarəti heç vaxt əldən vermir. Çünki komandanı motivasiya etməkdə çox böyük qabiliyyətə malik Fatih Terim kimi baş məşqçiləri var”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının məşqçisi Oliver Birhoff deyib. 40 yaşlı mütəxəssisin fikrincə, türkiyəli həmkarı Fatih Terim dünyanın ən özünəməxsus məşqçilərindən biridir: “Terim yetirmələrinə cəsarət verən bir xarizmaya sahibdir. Türkiyə ilə matçda 2 top fərqli üstünlük əldə etsəniz də, görüşün belə nəticələnəcəyinə əmin ola bilməzsiniz. İnadkar, qərarlıdırlar və istənilən şərtlərdə oyuna nəzarəti əsla əldən vermirlər”. Oyun planlarını təzyiq və bol qol üzərində quracaqlarını vurğulayan O.Birhoff Türkiyə millisinin axırıncı dəqiqələrdə vurduğu qollara qarşı xüsusi tədbir görəcəklərini açıqlayıb. O, matçın son bölümlərinə mümkün qədər çox qol vuraraq, girmək istədiklərini söyləyib: “Əsla geri çəkilməyəcəyik. Çünki Türkiyə belə komandaları əfv etmir. İnanmayan İsveçrə, Çexiya və Xorvatiyadan soruşsun”.
İyunun 25-də İsveçrənin Bazel şəhərindəki “Sent Yakob-Park” stadionunda keçiriləcək yarımfinal qarşılaşmasında Almaniya yığmasının aparıcı futbolçusu Filipp Lam forma geyməyəcək. F.Lam Türkiyə millisinin yarımfinalda oynamağa layiq olduğunu deyib. 25 yaşlı sol cinah yarımmüdafiəçisinin fikrincə, komandası üçün Türkiyə yığmasının heyətində xeyli itkinin olması o qədər də önəmli amil deyil: “Rəqibimiz meydançaya 11 oyunçu ilə çıxacaq. Onlar da komandaları üçün çox önəmli futbolçudurlar. Yəni bizi çox çətin matç gözləyir. Lakin özümüzə güvənirik”.
Hücumçu Miroslav Kloze Türkiyə yığmasını yenməyə qadir olduqlarını vurğulayıb. O, ¼ final oyununda Portuqaliyanı məyus etdikdən sonra özünə inamı bərpa etdiyini bildirib. Kapitan Mixael Ballak isə “ay-ulduzlular”ı çox təhlükəli rəqib saysa da, meydana qələbə üçün çıxacaqlarını açıqlayıb.
0