Kristof Daum: “Türkiyə yığması üçün almanlarla görüş Avropa Birliyi danışıqlarından da vacibdir”
23.06.2008 - 13:09
Kristof Daum: “Türkiyə yığması üçün almanlarla görüş Avropa Birliyi danışıqlarından da vacibdir”
Bakı. Elşən Məmmədov - APA-Sport. “Türkiyə yığması üçün Almaniya ilə qarşılaşma Avropa Birliyi danışıqlarından da vacibdir. Orada insanlar futbol üçün yaşayırlar. Türkiyədə 90 dəqiqə ərzində həyat dayanacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniyanın “Köln” klubunun baş məşqçisi Kristof Daum deyib. Vaxtilə Türkiyənin “Beşiktaş” və “Fənərbaxça” komandalarını çalışdırmış 55 yaşlı mütəxəssis türk futbolunu yaxından tanıdığını bildirib: “Türkiyəyə duyğusal bağlılığım var. Çoxlu sayda türk futbolçu maraq dairəmdədir. Onlar çox istedadlıdırlar. Əvvəllər fiziki hazırlıq sarıdan problemləri vardı. Ancaq son illər xaricdən gətirdikləri əcnəbi mütəxəssislər sayəsində bu problemi də arxada qoyublar”. Bununla belə, K.Daum Almaniya yığmasının Türkiyə üzərində qələbə qazanacağını söyləyib: “Rəqib komandanın müdafiədə çatışmazlıqları var. Bizim fiziki cəhətdən hazırlıqlı futbolçularımız standart vəziyyətlərdə uğurla çıxış edə və başla qol vura bilərlər. Türkiyə yığmasını məğlub edəcəyimizə inanıram”.
0