Slaven Biliç: “Türkiyə yığması Avropa çempionatının finalına çıxarsa, heç kim təəccüblənməsin”
24.06.2008 - 12:45
Slaven Biliç: “Türkiyə yığması Avropa çempionatının finalına çıxarsa, heç kim təəccüblənməsin”
Bakı - APA-Sport. “Biz Avropa çempionatında həm Almaniya, həm də Türkiyəyə qarşı mübarizə aparmışıq. Ancaq Türkiyədən fərqli, almaniyalılarla oyunda çətinlik çəkmədən qalib gəldik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç deyib. Qitə birinciliyinin 1/4 finalında Türkiyəyə penaltilər seriyasında uduzduğu üçün yarışla erkən vidalaşan xorvatiyalıların çalışdırıcısı rəqibin təhlükəli olduğunu bildirib. S.Biliç vurğulayıb ki, “ay-ulduzlular”da xüsusilə mübarizə əzmi güclüdür: “Türkiyə ilə oyunda işimizin asan olacağını düşünürdük. Lakin gözləmədiyimiz halda, rəqib güclü mübarizə əzmi nümayiş etdirərək, bizi çempionatdan kənarlaşdırdı. Əgər Türkiyə finala çıxarsa, heç kim təəccüblənməsin”. 39 yaşlı çalışdırıcı heyət baxımından Almaniyanın üstünlüyün nisbi olduğunu söyləyib: “Türkiyə yığmasında zədəli və cəzalı futbolçuların çoxluğu almaniyalıları daha da cəsarətləndirib. Ancaq türkiyəlilərlə görüşdə final fiti səslənmədən heç bir hesabı üstünlük saymaq düzgün deyil. Çünki bizimlə oyunda da onlar tam heyətlə çıxış etmirdilər. Yəqin nə demək istədiyimi anladınız: almaniyalılar rəqibin zəif heyətlə oynamasına güvənməsinlər. Çox istərdim ki, yarımfinal başa çatdıqdan sonra Almaniyanın baş məşqçisi Yoahim Lövün üz cizgilərini görüm”.
Qeyd edək ki, Xorvatiya milli komandası qrup mərhələsində Almaniyaya 2:1 hesabı ilə qalib gələrək, vaxtından qabaq 1/4 finala adlamışdı. Almaniya və Türkiyə arasında yarımfinal matçı sabah keçiriləcək.
0