Zemfira Meftahəddinova: “Pekin Olimpiadasına hazır deyiləm”
24.06.2008 - 15:52
Zemfira Meftahəddinova: “Pekin Olimpiadasına hazır deyiləm”
Olimpiya çempionu bildirib ki, iyunda qüvvəsini sınadığı Dünya Kubokunun iki mərhələsi yarış təcrübəsini artırmaq baxımından effektli olub. Bu turnirlərin heç birində mükafatçılar sırasına düşə bilməyən 45 yaşlı idmançı çıxışını belə qiymətləndirib: “Təbii ki, Almaniyada göstərdiyim nəticədən razı qalmadım. Çünki az xal toplayaraq, 16-cı yerlə kifayətlənmişdim. Serbiyadakı Dünya Kubokunda isə medal qazanmaq şansım yüksək idi. Yekunda final mərhələsinə adlamağa bir xalım çatmadı və 7-ci yeri tutdum”. Z.Meftahəddinova Pekin Olimpiadasınadək texniki və psixoloji çatışmazlıqları aradan götürməyə çalışacağını vurğulayıb. Stend atıcısının Yay Olimpiya Oyunlarından öncə qatılacağı son beynəlxalq yarış iyulun 5-dən 14-dək Kiprdə keçiriləcək Avropa çempionatı olacaq: “Olimpiadaya tam hazır olmaq üçün Avropa çempionatını axırıncı şans kimi dəyərləndirirəm. İnanıram ki, qitə birinciliyi kifayət qədər uğurlu alınacaq”.
Qeyd edək ki, Sidneydə qızıl, Afinada isə bürünc medala layiq görülmüş Z.Meftahəddinova Pekin Olimpiadasında mübarizə aparacaq yeganə stend atıcımız olacaq.
0