Gərəksiz çempionluq
24.06.2008 - 16:25
Gərəksiz çempionluq
Əvvəlcə, gəlin milli komandamızın Avropanın ən güclüsü ünvanını harada, necə və nə cür qazandığına diqqət yetirək. Azərbaycan yığması qitə çempionatının C divizionunda qələbə əldə edib. Təkcə bu məqamı göz önünə gətirməklə, turnirin səviyyəsi haqda dolğun fikir formalaşdırmaq mümkündür. Rəqiblərin siyahısına diqqət yetirək – Moldova, Cəbəllüttariq, San-Marino, Şotlandiya, Andorra, Uels və Malta. Bu ölkələrin komandaları basketbol aləminin “cırtdanları” sayılsa da, biz onlarla rəqabətə giririk...
Mən yığmamızı bu divizionda oynamağa layiq bilmirəm. Bir sadə məntiqlə ki, komandamız iki il əvvəl də eyni turnirdə hamıdan güclü olduğunu isbatlayıb. Onda baş məşqçi litvalı olimpiya çempionu Rimas Kurtinaytis idi isə, hazırda komandanın sükanı Elxan Əliyevə etibar olunub. Göründüyü kimi, baş məşqçinin kimliyindən asılı olmayaraq, birinciliyi qazanmaq çətin deyil. Önəmli məqamlardan biri də heyətlə bağlıdır. Şotlandiyada keçirilən yarış ərəfəsində yığmanın lideri Aleksandr Rındinlə, əsas pleymeyker Zaur Paşayev zədələndi. Amma göründüyü kimi, iki vacib mövqedə itkiyə rəğmən yığmamız çempionluğu heç kimə güzəştə getmədi. Və ən güclü olduğunu isbatladı. Halbuki, buna ehtiyac yox idi.
Belə olan halda ortaya məntiqi sual çıxır: komanda niyə eyni bataqlığa iki dəfə ayaq basdı? Bu sualın cavabı Basketbol Federasiyasında gizlənir. Adını açıqlamaq istəmədiyim qurum rəsmilərinin birindən əldə etdiyim xəbərə görə, bunun yeganə səbəbi maliyyədir. Yəni ki, B divizionunda ev-səfər prinsipilə oynamaq federasiyanın büdcəsinə uyğun deyil. Şotlandiyada isə komandalar Edinburq şəhərinə yığışıb 5 gün ərzində məsələni saf-çürük edirlər ki, bu da əlavə xərcdən sığortalanmaq deməkdir. İndi özünüz fikirləşin, Basketbol Federasiyası bu idman növünün inkişafını istəyir, yoxsa...
Milli komandamızın heyəti istedadlı gənclərdən formalaşdırıb. Uzun müddət Türkiyə klublarında çalışan Elxan Əliyev də yetərincə səviyyəli mütəxəssisdir. Deməli federasiya rəsmiləri belə müsbət məqamlardan maksimum yararlanmalıdır. Amma indiki halda onlar perspektivi və inkişafı pula qurban verməklə, bir də mənasız çempionluq qazanmaqla işlərini bitmiş sayırlar. Milli komanda ölkənin simasıdır və təmsil etdiyi konkret sahənin aynasıdır. Biz isə hələ də yerimizdə sayırıq. Avropalılara böyümədiyimizi, son iki ildə inkişafdan qaldığımızı göstərməyə çalışırıq. Hərçənd, artıq buna ehtiyac yoxdur. Milli komanda C deyil, B divizionunda oynamaq iqtidarında olduğunu 2006-cı ildə də sübut edib. Ona görə də “zirzəmi”də gərəksiz çempionluq əldə etməklə özümüzü aldatmağa lüzum yoxdur. Yəqin ki, bu haqda fikirləşməyə vaxt tapacaqsınız, hörmətli federasiya rəsmiləri....


0