Azərbaycan yığmasının baş məşqçisi: “Təki komanda çempion olsun, mən həmişə bığımı qırxmağa hazıram”
25.06.2008 - 17:16
Azərbaycan yığmasının baş məşqçisi: “Təki komanda çempion olsun, mən həmişə bığımı qırxmağa hazıram”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında kişilərdən ibarət Azərbaycan basketbol milli komandasının baş məşqçisi Elxan Əliyev söyləyib. O bildirib ki, hazırkı çempionluğu özü üçün daha əziz sayır: “2006-cı ildə turnirə Rimas Kurtinaytisin köməkçisi qismində getmişdim. Üstəlik, həmin vaxt komanda yetərincə güclü idi. Heyətdə təcrübəli basketbolçular çoxluq təşkil edirdi. Yığma ölkə xaricində bir neçə təlim-məşq toplanışı keçmişdi. Bu dəfə isə bunlar yox idi. Bir yoxlama oyunu keçirməyə belə rəqib tapmadıq. Şotlandiyaya səfər ərəfəsində isə mərkəz oyunçumuz, komandanın lideri Aleksandr Rındinlə pleymeyker Zaur Paşayev zədələndi. Yəni, indiki çempionluq daha çətin şərtlərlə altında qazanıldı”. E.Əliyev Avropa çempionatında ən çətin oyunlarını yarımfinalda Şotlandiyaya qarşı keçirdiklərini qeyd edib: “Düzdür, turnirdə yalnız Moldovaya uduzduq. Anacaq bu oyuna kimi yarımfinala yüksəlmək problemini həll etmişdik. Uşaqlar da bu səbəbdən Moldova ilə oyuna lazımınca köklənə bilmədilər. Əvəzində rəqibi finalda məğlub etməyi bacardıq. Ən çətin oyunumuz isə Şotlandiyaya qarşı oldu. Rəqib basketbolçular fiziki cəhətdən çox güclü idilər. Hakimlər də meydan sahibi olduqları üçün onlara kömək edirdi. Amma komandamız bu oyunda və finalda inanılmaz mübarizə sərgiləyərək qalib gəlməyi bacardı. Fuad Niftəliyev, Anar Sarıyev, Tahir Baxşıyev, Aleksey Kitayev və David Barbakadze öz mövqelərində əla oyun nümayiş etdirdilər. Bu səbəbdən kimisə ayrıca fərqləndirməyə çətinlik çəkirəm”. Baş məşqçi komandanın daha C divizionunda oynamasının mənasız olduğunu vurğulayıb: “Əslində, bu yarışa da gənclərdən ibarət yığmanı göndərmək mümkün idi. Amma qərar belə oldu deyə iştirak etdik. Fikrimcə, daha bəsdir. Artıq B divizionunda oynamaq haqda ciddi düşünməliyik. Çünki komandamız buna layiq olduğunu iki dəfə sübut edib. Heyəti bir qədər də gücləndirib, irəli getməyə çalışmalıyıq. Yoxsa, bu, öz yerində saymağa bənzəyir”. E.Əliyev çempionluqdan sonra bığını qırxmasının səbəbinə də aydınlıq gətirib: “İnanın ki, özümü bığsız çox pis hiss edirəm. Çünki onu həmişə əlimlə oynatmağa alışmışdım. Bunu uşaqlara görə etdim. Moldova ilə final oyunundan əvvəl “biz qələbə qazansaq, siz də bunun əvəzində bığınızı qırxacaqsınız” dedilər, mən də razılaşdım. Eybi yoxdur, təki rəhbərlik etdiyim komanda qatıldığı bütün turnirlərdə birinci olsun, mən bığımı hər dəfə qırxmağa hazıram”.
0