Türkiyə prezidenti Abdulla Gül: “Milli komandamızla qürur duymaq lazımdır”
26.06.2008 - 10:06
Türkiyə prezidenti Abdulla Gül: “Milli komandamızla qürur duymaq lazımdır”
Bakı - APA-Sport. “Türkiyə - Almaniya oyununu izləyən hər kəs yığmamızın qələbəyə layiq olduğunu söylədi. Futbolçularımızla qürur duymağımız lazımdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə prezidenti Abdulla Gül deyib. Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsində Türkiyə və Almaniya milli komandaları arasında Bazelin “Sent Yakob-Park“ stadionunda keçirilən matçı Almaniya kansleri Angela Merkellə birgə tribunadan izləyən A.Gül nəticədən təəssüfləndiyini gizlətməyib: “Görüşü məğlubiyyətlə bitirdiyimiz üçün çox məyusuq. Ancaq buradan qürurla ayrılırıq”. Ölkə prezidenti bildirib ki, türkiyəlilər Avro-2008-də dərin iz buraxıblar: “Hətta UEFA prezidenti Mişel Platini də yaxşı oynadığımızı dedi. Qarşılaşmadan sonra paltardəyişmə otağına gedərək, milli komandanın bütün üzvlərini təbrik etdim”.
Türkiyə Futbol Federasiyasının prezidenti Hasan Doğan isə məğlubiyyəti bəxtsizliklə əlaqələndirib: “Bu dəfə bəxtimiz gətirmədi. Almaniyanı böyük fərqlə üstələdik, ancaq sonda uduzduq. Futbolçularımız, texniki heyətin üzvləri hər biri ayrı-ayrılıqda qəhrəmandır. Finala çıxa bilməsək də, könüllərin çempionu biz olduq”.
Qeyd edək ki, Türkiyə yığması Almaniyaya 2:3 hesabı ilə məğlub olaraq, Avropa çempionatının finalına yüksəlmək şansını itirib.
0