Türkiyə yığması Avropa çempionatının yarımfinalında mübarizəni dayandırıb
26.06.2008 - 09:17
Türkiyə yığması Avropa çempionatının yarımfinalında mübarizəni dayandırıb
Bundestim 3:2 hesablı qələbə qazanaraq, qitə birincilikləri tarixində 6-cı dəfə finalda oynamaq hüququna yiyələnib. Baxmayaraq ki, hesabı oyuna dörd cəzalı və dörd zədəli futbolçu itkisi ilə çıxan “ay-ulduzlular” açıblar. 22-ci dəqiqədə Uğur Boral qapı tirindən qayıdan topu dəqiq zərbə ilə tamamlayıb. Lakin türklərin sevinci uzun sürməyib. Bundan 4 dəqiqə sonra Bastian Şvaynştayger cərimə meydançasına ötürülən topu Rüştü Rəcbərin qoruduğu qapıya yönəldib. Qalan qollar ikinci hissənin sonlarında vurulub. 79-cu dəqiqədə R.Rəcbərin kobud səhvindən sonra Miroslav Kloze cərimə meydançasına ötürülən topu başla tora göndərib. 7 dəqiqə sonra “ay-ulduzlular”ın forvardı Semih Şəntürk hesabı bərabərləşdirməklə yanaşı, özünün turnirdə 3-cü qoluna imza atıb. Lakin əvvəlki 3 qarşılaşmadan fərqli olaraq, matçın sonluğu Türkiyə yığması üçün uğurlu alınmayıb. Sonuncu dəqiqədə Filipp Lam Bundestimin qələbə topunu vurub. Beləliklə, tarixində ilk dəfə Avropa çempionatının yarımfinal mərhələsində çıxış edən “ay-ulduzlular” turnirdə ilk dəfə hesabı açdıqları görüşdə yeniliblər.

Almaniya – Türkiyə – 3:2
Bastian Şvaynştayger, 26, Miroslav Kloze, 79, Filipp Lam, 90 - Uğur Boral, 22, Semih Şəntürk, 86

Digər finalçı bu gün müəyyənləşəcək. Avstriyanın paytaxtı Vyanadakı “Ernst Happel” stadionunda keçiriləcək İspaniya - Rusiya matçının qalibi iyunun 29-da eyni arenada baş tutacaq finalda Almaniyanın rəqibi olacaq.
0