Fatih Terim: “Bu qədər itkimiz olmasaydı, nəticə başqa cür alına bilərdi”
26.06.2008 - 10:57
Fatih Terim: “Bu qədər itkimiz olmasaydı, nəticə başqa cür alına bilərdi”
Bazel. Elşən Məmmədov – APA-Sport. “Düşünürdüm ki, finala biz çıxacağıq. Yetirmələrimi təbrik edirəm. Onlar həm taktiki, həm də texniki cəhətdən yaxşı oynadılar. Sərəncamımda olan bütün oyunçuları mübarizəyə atdım. Amma bu, futboldur. Biz yaxşı oynasaq da, acınacaqlı məğlubiyyətə uğradıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib. 55 yaşlı mütəxəssis Avropa çempionatının yarımfinal matçında Almaniya milli komandasına 2:3 hesablı məğlubiyyətə səbəb kimi oyunçu itkilərini göstərib. Onun fikrincə, heyətdə 4 cəzalı və 4 zədəli futbolçu olmasaydı, nəticə başqa cür ola bilərdi: “Yetirmələrimdən 4-ü bu matçda cəzalı idi. Mən komandamdan yalnız futbol oynamağı və vərəqələrə əhəmiyyət verməməyi xahiş edirəm. Hər bir komandanın heyətində meydançaya 11 oyunçu çıxır. Onların bəziləri həmişə aqressiv çıxışları ilə komanda yoldaşlarından fərqlənirlər. Biz də almanlar kimi, qələbəyə oynadıq. Lakin rəqibimizin bizdəki qədər itkisi yox idi. 4 cəzalı və 4 zədəli oyunçumuz olmasaydı, nəticə başqa cür alına bilərdi”. F.Terim komandasının buraxdığı ikinci topda kobud səhvə yol verən qapıçı Rüştü Rəcbəri müdafiə edib. O, bildirib ki, oyunu bir nəfər yox, bütün komanda uduzur: “Hərdən qapıçı da səhvə yol verir. Unutmayaq ki, Rüştüyə Xorvatiya millisi ilə ¼ final qarşılaşmasında penaltilər seriyasında qələbədən sonra çoxlu təriflər yağdırıldı. Həmişə uduzan bir futbolçu yox, bütün komanda olur”.
0