Bastian Şvaynştayger: “Türkiyəliləri onların öz silahları ilə vurduq”
26.06.2008 - 11:38
Bastian Şvaynştayger: “Türkiyəliləri onların öz silahları ilə vurduq”
Bakı - APA-Sport. “Türkiyənin qapısına son dəqiqələrdə yol taparaq, qələbə qazandıq. Necə deyərlər, onları öz silahları ilə vurduq”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Avropa çempionatının yarımfinalında Türkiyə ilə yarımfinal görüşündən sonra Almaniya yığmasının üzvü Bastian Şvaynştayger deyib. Türkiyəlilərlə qarşılaşmada komandasının ilk qolunun müəllifi olan B.Şvaynştayger bildirib ki, 3:2 hesablı qələbə heç də asan başa gəlməyib: “Rəqiblə müqayisədə, biz topa az nəzarət edirdik. Bu səbəbdən daha çox qaçmağa məcbur idik. Hər halda, istədiyimiz nəticəyə nail olduq”.
Almaniya milli komandasının digər yarımmüdafiəçisi Lukaş Podolski zəif oynadıqlarını etiraf edib. 23 yaşlı futbolçu türkiyəlilərin məğlub olmağı bacardıqlarını söyləyib: “1/4 finalda Portuqaliya ilə oyunumuza nəzər salsaq, şübhəsiz ki, bu gün zəif təsir bağışladıq. Ən əsası odur ki, finala vəsiqə qazandıq. Matçdan sonra Türkiyə yığmasının paltardəyişmə otağında oldum. Onlar məni qələbə münasibətilə təbrik etdilər. Türkiyəlilər uduzmağı bacarırlar”.
Yığmanın hücumçusu, yarımfinalda komandasının ikinci qoluna imza atan Miroslav Kloze isə qarşılaşmanın gedişində arxayınlaşmadıqlarını vurğulayıb: “Hesabda 2:1 önə keçəndə də hiss edirdim ki, hələ heç nə həll olunmayıb. Türkiyə milli komandasının iştirakı ilə keçirilən görüşləri izləmişdik, rəqibi yaxşı tanıyırdıq. Buna görə öz qapımıza doğru çəkilərək, zonaları bağlamağa çalışırdıq”. Səhvlərə yol verdiklərini deyən 30 yaşlı futbolçu problemlərin finaladək həllini tapacağını bildirib: “İyunun 29-da, finalda bugünkü çatışmazlıqların təsadüfi olduğunu sübuta yetirəcəyik. Həlledici matçda ən yaxşı oyunumuzu göstərəcəyik”.
Qeyd edək ki, Almaniya yığmasının finaldakı rəqibi bu gün İspaniya – Rusiya görüşü zamanı müəyyənləşəcək.
0