İngiltərə Futbol Assosiasiyası “Araz” klubunu beynəlxalq turnirə dəvət edib
27.06.2008 - 11:27
İngiltərə Futbol Assosiasiyası “Araz” klubunu beynəlxalq turnirə dəvət edib
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə dördqat Azərbaycan çempionu “Araz” klubunu İngiltərənin Mançester şəhərində təşkil olunacaq beynəlxalq turnirə dəvət alıb. Bu barədə “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Böyükağa Hacıyev məlumat verib. Onun sözlərinə görə, yarış avqustun ilk yarısında keçiriləcək: “Bununla bağlı İngiltərə Futbol Assosiasiyasından məktub almışıq. UEFA kuboku öncəsi bu turnirdə oynamağımız çox effektli olacaq”. Hələlik rəqiblərin məlum olmadığını söyləyən B.Hacıyev Qazaxıstandan da dəvət aldıqlarını bildirib: “Avqustda Qazaxıstanın Karakanda şəhərində də yarış keçiriləcək. Bizi həmin turnirə də dəvət ediblər. Əgər İngiltərə və Qazaxıstandakı yarışların tarixləri üst-üstə düşərsə, klubumuzun prezidenti Ramin Axundovla məsləhətləşdikdən sonra qərar verəcəyik”. İyunun 23-də “Araz”a baş məşqçi təyin olunan B.Hacıyevin yeni komandasında debütü qarşıdakı turnirlərdən birində baş tutacaq.
0