Qus Hiddink: “Avropa çempionatında göstərdiyimiz oyuna görə fəxr edəcəyik”
27.06.2008 - 11:29
Qus Hiddink: “Avropa çempionatında göstərdiyimiz oyuna görə fəxr edəcəyik”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Biz layiqli rəqibə uduzduq. İspaniyanın yaxşı yığma komandası var. Rəqibin səviyyəsi ilə ayaqlaşa, onlar kimi müdafiədə etibarlı oynaya bilmədik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Avro-2008-də mübarizəni yarımfinalda dayandıran Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib. Turnirdə ikinci dəfə İspaniya millisinə böyük hesabla (1:4 və 0:3) uduzan hollandiyalı mütəxəssis bildirib ki, rəqib onların güclü tərəflərini neytrallaşdırmağı bilirdi: “İspanlarla ilk hissədə və ikinci yarıda bir müddət bacara bildik. Fasiləyədək yaxşı hücum etsək də, bunun müqabilində çoxlu qol imkanları yaratmadıq. İspanların planı meydanda düzgün mövqe seçmək, ağıllı oyunla bizi yormaq idi. Biz rəqibi orta sahədə bağlaya bilmədiyimiz üçün başqa futbolçuları qovmalı olurduq. İspanlar hücumun sonunadək topa nəzarət edəndə işimiz çətinləşirdi. Onların qapıya zərbə endirmək, qol vurmaq üçün güc və texnikası çatırdı. Biz belə oynayan komanda ilə mübarizədə bir saatdan artıq tab gətirə bilmərik. Ümid edirəm ki, İspaniya finalda da özünü göstərəcək”. Q.Hiddink Avropa çempionatını bürünc mükafatçı kimi başa vurmalarından razı qalıb: “Məğlub olandan sonra təəssüflənirsən, bu, məntiqə uyğundur. Mən uduzandan sonra həmişə belə oluram. Turnirdə çıxışımız dayandırdıq və üzüntü hissi keçiririk. Ancaq emosiyalar azalandan sonra biz təkcə nəticə yox, Avropa çempionatında göstərdiyimiz oyuna görə fəxr edəcəyik. Yarımfinala qədər gəlib çıxmağımıza görə qurur hissi keçirə bilərik. Bu, inanılmaz uğurdur”.
0