Azərbaycan milli komandası dünya çempionatının açılış matçında Rusiya ilə qarşılaşacaq
27.06.2008 - 16:34
Azərbaycan milli komandası dünya çempionatının açılış matçında Rusiya ilə qarşılaşacaq
Bakı. Kənan Həsənov - APA-Sport. İyulun 5-də İtaliyanın Venetsiya şəhərində start götürəcək həndbol üzrə tələbələr arasında XIX dünya çempionatının püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu birincilikdə qadın və kişilərdən ibarət milli komandamız da iştirak edəcək. Ukraynalı mütəxəssis Georgi Voronovun başçılıq etdiyi qadın yığmamız A qrupunda yer alıb və açılış matçında Rusiya ilə qarşılaşacaq. Komandamız iyulun 7-də İtaliya, 8-də Çinlə oynayacaq. B qrupunda Polşa, Serbiya, Rumıniya, C qrupunda Macarıstan, Yaponiya, Braziliya, Belorus, D qrupunda Litva, Çexiya və Türkiyə yığmaları mübarizə aparacaqlar.
Kişilərdən ibarət milli komandamız isə C qrupunda ilk görüşünü iyulun 6-da Yaponiyaya qarşı keçirəcək. Hikmət Abdullayevin rəhbərlik etdiyi yığmamız iyulun 7-də Gürcüstan, 8-də Serbiya ilə münasibətini aydınlaşdıracaq. A qrupunda İtaliya, Çexiya, Avstriya, Avstraliya, B qrupunda Belarus, Macarıstan, Polşa, Kipr, D qrupunda isə Rusiya, Latviya, Türkiyə və Meksika yığmaları yer alıblar.
Reqlamentə əsasən, qruplarda ilk iki sıranı tutan komandalar ¼ finalda oynamaq hüququ qazanacaqlar. Dünya çempionatına iyulun 13-də keçiriləcək həlledici oyunlarla yekun vurulacaq.
0