Bakıda güləş üzrə “Qızıl Qran-Pri” turnirinin final mərhələsinin açılış mərasimi keçirilib
27.06.2008 - 17:34
Bakıda güləş üzrə “Qızıl Qran-Pri” turnirinin final mərhələsinin açılış mərasimi keçirilib
“APA-Sport” agentliyinin məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutan mərasimə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti və digər qonaqlar qatılıblar. Öncə bədii hissə olub, yarışda mübarizə aparan xalqların milli rəqsləri nümayiş etdirilib. Daha sonra rəsmi hissə başlanılıb. Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, güləş ölkəmizdə populyar idman növlərindən sayılır. O, son iki olimpiadada qazanılan medalların güləşimizin potensialından xəbər verdiyini söyləyib. “Qızıl Qran-Pri” turnirinə 25 ölkədən 250-yə yaxın pəhləvanın qatıldığını deyən nazir yarış iştirakçılarına uğurlar arzulayıb. Ardından Güləş Federasiyasının prezidenti Fazil Məmmədov nitq söyləyərək, turnirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Federasiya rəhbəri qeyd edib ki, Pekin Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq 16 güləşçimizə də ümid böyükdür. FİLA prezidenti Rafael Martinetti isə “Qızıl Qran-Pri”nin vacib əhəmiyyət daşıdığını nəzərə çatdırıb: “Son vaxtlar Bakıda bir neçə mötəbər güləş yarışı keçirilib. İnanıram ki, budəfəki turnir də çox maraqlı alınacaq. Dünən Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovla görüşümüz oldu. Qərara aldıq ki, bundan sonra hər il “Qızıl Qran-Pri”nin final mərhələsi Bakıda təşkil edilsin”. Mərasimin sonunda olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Avropa çempionları Rövşən Bayramov, Vitali Rəhimov, dünya çempionatının bürünc mükafatçısı Emin Əzizov və hərbçilər arasında dünya çempionu Namiq Sevdimov Azərbaycan bayrağını qaldırmaq şərəfinə nail olublar.
Qeyd edək ki, “Qızıl Qran-Pri”yə iyunun 29-da yekun vurulacaq.
0