Kəmaləddin Heydərov: Azərbaycan dünyada idman ölkəsi kimi tanınır - FOTO - VİDEO
10.06.2009 - 17:33
Kəmaləddin Heydərov: Azərbaycan dünyada idman ölkəsi kimi tanınır - FOTO - VİDEO
Bu gün Bakı İdman Sarayında parataekvondo üzrə ilk dünya çempionatı və taekvondo üzrə komandalararası Dünya Kubokunun rəsmi açılış mərasimi olub. Apasport.az saytının məlumatına görə, açılış mərasimində Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Co, Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti, eyni zamanda WTF-nin vitse-prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Öncə taekvondo himni çalınıb. Daha sonra WTF-nin prezidenti Çunqvon Co nitq söyləyib. Çempionatı təşkil edənlərə təşəkkürünü bildirən Co taekvondonun demək olar, dünyanın bütün ölkələrində yayıldığını söyləyib: “İndi yaşından, fiziki durumundan asılı olmayaraq, yüz minlərlə insan bu idman növünü sevir. Parataekvondo üzrə dünya çempionatının keçirilməsi də buna bariz nümunədir”. O, WTF-nin yay və qış təlim-məşq toplanışları keçirmək istədiyini söyləyib: “Bu fəaliyyətdə iştirakınızı xahiş edirəm. Dünya çempionatını və Dünya Kubokunu yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə minnətdaram”.

Co ATF prezidenti Kəmaləddin Heydərova 5-ci dan təqdim edib. Heydərov öz çıxışında bildirib ki, Bakı dünyanın idman mərkəzinə çevrilib: “Paytaxtımızda beynəlxalq yarışların keçirilməsi ənənə halını alıb. Müstəqilliyini yeni qazanmasına baxmayaraq, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”. ATF rəhbəri idmana dövlət tərəfindən diqqət və qayğı göstərildiyini vurğulayıb: “Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Bu da Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəyə qayğısının nəticəsi kimi qiymətləndirilməlidir. Parataekvondo üzrə ilk dünya çempionatının və taekvondo üzrə Dünya Kubokunun təşkilatçılıq hüququnu Azərbaycana verdiyi üçün Dünya Taekvondo Federasiyasına minnətdarlığımı bildirir, idmançılara uğurlar arzulayıram!”

Heydərov WTF prezidenti və gənclər və idman nazirinə hədiyyələr bağışlayıb. Ardından Azad Rəhimov çempionatı açıq elan edib. Açılış mərasimi bədii hissə ilə davam etdirilib.

Yarışa 34 ölkə - Azərbaycan, Ukrayna, İsveç, Türkiyə, Venesuela, Rusiya, Hollandiya, Monqolustan, Koreya, İordaniya, İsrail, Yunanıstan, Almaniya, Fransa, Kolumbiya, Çin, Braziliya, Avstraliya, Bosniya və Herseqovina, Kanada, Çin Taypeyi, Misir, Gürcüstan, Böyük Britaniya, Qvatemala, İran, İtaliya, Qazaxıstan, Meksika, Mərakeş, Filippin, İspaniya, Özbəkistan və Vyetnamın idmançıları qatılıb. Bu gün parataekvondoçular qələbə uğrunda mübarizə aparacaqlar. Sabahdan ayın 14-dək isə Dünya Kuboku baş tutacaq.
0