Rizvan Gənciyev: “Astana Arlans” məğlubiyyətlə barışmaq istəmir
18.02.2011 - 16:38
Rizvan Gənciyev: “Astana Arlans” məğlubiyyətlə barışmaq istəmir
“İndiyədək 3 dəfə onlarla görüşmüşük, hər dəfə də qələbə bizim tərəfimizdə olub. Qazaxlar məğlubiyyətlə barışmaq istəmirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Baku Fires” baş meneceri Rizvan Gənciyev deyib.

Gənciyev WSB liqasında mübarizə aparan “Baku Fires” - “Pohang Poseidons” klubunun rəsmilərinin və idmançılarının iştirakı ilə keçirilən mətbuat konfransında “Astana Arlans”ın baş meneceri Bolat Mankenovun Qazaxıstan mətbuatına verdiyi açıqlamaya münasibət bildirib. Onun sözlərinə görə, bütün bunlar əsassızdır və komandamız rəqibdən güclüdür: “Onlar anlayıblar ki, pley-off mərhələsindən kənarda qala bilərlər. Ona görə də belə yollara əl atırlar. Fevralın 24-də Lozzanada WSB-nin bununla bağlı qərarı açıqlanacaq. İnanırıq ki, Nizam-İntizam Komitəsi məsələyə obyektiv qiymət verəcək”.

Fevralın 24-də həmçinin Lozannada “Baku Fires” komandasının da şikayətinə baxılacaq. Belə ki, yanvarın 29-da Çinin Makao şəhərində keçirilmiş döyüşdə komandamız “Beijing Dragons” klubunu 3:2 hesabı ilə məğlub etmişdi. Gənciyevin fikrincə, həmin döyüşdə komandamızın 2 boksçusuna qarşı ədalətsizlik olub.

Qeyd edək ki, Mankenov Qazaxıstan mətbuatında “Bakıda bizə qarşı ədalətsizlik oldu. Nizam-intizam Komitəsinə müraciət etmişik” söyləmişdi.
0