“Çoxlu qan-tər itirmişəm” - MÜSAHİBƏ
27.04.2011 - 13:13
“Çoxlu qan-tər itirmişəm” - MÜSAHİBƏ
Bakıda keçiriləcək boks üzrə dünya çempionatının startına təxminən 5 ay qalıb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakteri daşıyan mundial Rusiya mətbuatının da diqqət mərkəzindədir. Şimal qonşularımız hər çəki üzrə liderlərin adlarını açıqlayaraq, onlardan geniş yazılar hazırlayırlar. Bu dəfə rusiyalı həmkarlarımız 91 kq çəki dərəcəsində çempionluğa iddialı olan Teymur Məmmədovla söhbət ediblər. Yığmamızın üzvü müsahibəsində dünya çempionatı, əsas rəqibləri və gələcək planları barədə danışıb.

- Rinqdə neçə döyüş keçirmisiniz?
- Dəqiq saymamışam. Amma təxminən 150 olar. Döyüşlərimdən isə 4 və ya 5-ni uduzduğumu dəqiq deyə bilərəm.

- Başqa hansı idman növünə maraq göstərirsiniz?
- Üzgüçülük və futbolu xoşlayıram. Amma özün futbol oynayanda, adama ləzzət edir.

- Artıq milli komandanın aparıcı üzvünə çevrilmisiniz. Yığmaya düşməyiniz çətin olmadı ki?
- Bu, Bakı birinciliyini, ardınca isə yeniyetmələr və gənclər arasında Azərbaycan çempionatının qalibi olduqdan sonra baş verdi. 2010-cu ildə isə böyüklər arasında ölkə çempionu olaraq, 1 nömrəyə çevrildim.

- 2010-cu il sizin üçün yarışlarla zəngin oldu. 2 dəfə Azərbaycan çempionatını 2 müxtəlif çəki dərəcəsində (81 və 91 kq) qazanmısınız. Həmçinin, “Böyük İpək Yolu” turnirində və gənclərin dünya birinciliyində iştirak etmisiniz. Son 2 yarışda isə türkiyəli boksçu Burak Aksına uduzmusunuz...
- “Böyük İpək Yolu”nda türkiyəli boksçu ilə görüşün 2 raundundan sonra 4:0 hesabı ilə irəlidə idim. III raundda bir az boşaldım və rəqib yavaş-yavaş mənə çatmağa başladı. Lakin inanırdım ki, zərbələrə görə qabaqdayam. Hesab 4:4 olsa da, hakim qələbəni rəqibə verdi. Bu həddindən artıq qəribə qərar idi. Gənclər arasında dünya çempionatına gəldikdə isə etiraf etməliyəm ki, Buraka qarşı köklənə bilmədim. Bu yarışda o həqiqətən daha güclü idi.

- Gənclər arasında Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiadasına niyə getmədiniz?
- Bunun əsas səbəbi lisenziya qazana bilməməyim idi.

- Sizin çəkiniz 85 kq-a yaxındır. Amma çəkinizi dəyişərək, 91 kq-a keçdiniz. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Bunu mənim əvəzimə qərar veriblər. Ancaq hesab edirəm ki, bu yalnız mənim xeyrimə oldu. Məsələ ondadır ki, təmsil etdiyim klubda 81 kq-da yaxşı boksçular var. Onlar arasında Azərbaycan çempionu Vətən Hüseynli və çempionatın daha bir mükafatçısı yer alıb. Boyum hürdür olduğu üçün mənə 91 kq-da döyüşməyi təklif etdilər. Bununla da klub ölkə çempionatında daha çox medal qazanır. Nə qədər qəribə görünsə də, daha yuxarı çəkiyə keçməyim mənə asan oldu. Çünki çəki atmaq həmişə məni gücdən salırdı.

- Onda 91 və 81 kq çəki dərəcələri nə ilə fərqlənir?
- Temp 81 kq çəki dərəcəsi ilə müqayisədə daha aşağıdır. Rinqdə daha az hərəkət edirsən. Buna görə də 91 kq-da döyüş taktikadan daha çox güc hesabına gedir. İndiki çəkimdə hələ ki 1 döyüş də uduzmamışam. Özü də ölkə çempionatında yığmamızın uzunmüddətli lideri, dünya çempionatının gümüş mükafatçısı Elçin Əlizadəyə qalib gəlmişəm. Onu xal hesabına üstələdim və II raundda nokauta göndərdim. Bu ilin fevralında isə Macarıstanda beynəlxalq turnirdə çıxış etdim. Orada elə ilk döyüşümdəcə turnirin favoritlərindən biri, dünya çempionatının mükafatçısı Con Mbumba ilə görüşdüm. Ona da qalib gəldim. Finalda polşalı boksçu Mixail Olasla çox ağır döyüşüm oldu. Rəqibim fiziki cəhətdən çox güclü idi. Lakin sonda qızıl qazandım.

- Yeri gəlmişkən, olimpiya çempionu Rəhim Çaxkiyev Mbambu və Əlizadəni çox güclü rəqib sayır. Həvəskar boksçuların çoxu zərbəyə deyil, sürətə üstünlük verir. Çünki şlemdə olanda rəqibin sifətinə vurmaq elə də asan deyil. Sizin buna yanaşmanız necədir?
- Acıq döyüşmək indi heç sərfəli deyil. Çünki qurşağa və qulağa zərbə hesaba alınmır. Fikrimcə, hakimlərin görməsi və rəqibin də arxayınlaşmamağı üçün sərt vurmaq lazımdır. Mən sağ əllə şlemə vurmağı xoşlayıram. Bilirəm ki, buna görə xallar praktiki olaraq verilmir. Ona görə elə vurmağa çalışıram ki, rəqib reaksiya göstərsin. Həmin vaxt hakimlər də bunu görərək, qiymətləndirirlər.

- Boksda nəyə nail olmaq istərdiniz?
- Dünya çempionatında və Olimpiadada fəxri kürsüdə yer almaq. Əlbəttə, qızıla can atıram, ancaq gümüş və ya bürünc medal qazansam da, Allaha minnətdar olacağam.

- İndi AİBA WSB adı altında çox maraqlı turnir keçirir. Orada həvəskar boksçular peşəkar qayda ilə döyüşürlər. Sizin döyüş üslubunuz həmin liqaya çox uyğun gəlir. Bundan əlavə, orada çox yaxşı qazanc əldə etmək olur. Niyə “Baku Fires”də çıxış etmədiniz? Axı onlarda 85 kq əsas problemli çəkilərdən sayılır...
- Düzünə qalsa, bu haqda ciddi fikirləşmişdim. Hətta “Baku Fires”dəki uşaqlarla sınaq döyüşləri də keçirmişdim. Denis Poyatski ilə görüşdüm və döyüş onun üçün heç də yaxşı keçmədi. Komandanın meneceri dərhal soruşdu ki, niyə onu gətirmisiniz? Ancaq şəxsi məşqçim mənə dedi ki, əsas diqqətini dünya çempionatına yönəltməlisən.

- Kumirlərin kimlərdir?
- Bu haqda danışa bilmərəm. Ancaq Menni Pakyo, Roy Cons və Migel Kotto çox xoşuma gəlir.

- Sizcə indi 91 kq-da ən güclü kimdir?
- Tervel Pulev. Onun döyüşündən çox təsirlənmişəm. Bolqarıstanlı boksçu çox yaxşı formadadır. Onunla yanaşı, rusiyalı Artur Beterbiyev və Polşadan Mixail Olası qeyd edə bilərəm.

- Bəs ukraynalı Aleksandr Usik?
- O da yaxşı boksçudur. Ancaq döyüş üslubuna görə mənə çox münasibdir.

- Baş məşqçiniz Yevgeni Kotov milli komandanın sabiq çalışdırıcısı Nəriman Abdullayevlə və son zamanlar Azərbaycanda çalışmış kubalı məşqçilərlə nə ilə fərqlənir?
- Kubalılar məşqçi deyildilər. Onlar ölkədə boksun səviyyəsini bir neçə il geriyə atdılar və çox zəiflətdilər. Kotuvun məşqləri Abdullayevin hazırlığından da çox fərqlənir. O daha çox sərt döyüşə üstünlük verir.

- Peşəkar boksa keçməyi planlaşdırırsınız?
- Açığı, mən öncə Olimpiya Oyunlarında qalib olmaq istəyirəm. Ancaq Allah eləməsin, bu dəfə alınmasa, onda məqsədimə çatana kimi boksu davam etdirəcəyəm. Çoxlu qan-tər itirmişəm.