İAAF Ramil Quliyevin arzusunu gözündə qoydu
27.04.2011 - 23:06
İAAF Ramil Quliyevin arzusunu gözündə qoydu
Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) Azərbaycan sprinteri Ramil Quliyevin Türkiyə millisinə keçməsi ilə əlaqədar qərar qəbul edib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan Yüngül Atletika Federasiyasının rəhbərliyi Quliyevin yarışlarda iştirakdan məhrum edilməsi tələbi ilə İAAF-a müraciət etmişdi.

Beynəlxalq qanunlara əsasən, yüngül atletika idmançısı yeni ölkəyə keçdikdən 3 il sonra həmin ölkə adından çıxış edə bilər. İAAF Azərbaycan Federasiyasına cavab məktubu göndərib.

Məktubda İAAF-ın belə bir qərar qəbul etdiyi bildirilir: “Ramil Quliyev 2011-ci il aprelin 5-də Türkiyə vətəndaşlığı almışdır. Həmin idmançının beynəlxalq yarışlarda 2014-cü il aprelin 5-dək göstərdiyi bütün nəticələr Azərbaycanın xeyrinə hesablanacaq. Bu, bütün turnirlərə, habelə dünya və Azərbaycan çempionatlarına, həm də Olimpiya Oyunlarına aiddir. Ramil Quliyev yalnız 2014-cü il aprelin 5-dən sonra Türkiyə yığmasının heyətində çıxış edə bilər. İAAF-ın bu qərarı hər iki ölkənin federasiyalarına ünvanlanıb”.

Beləliklə, əgər Ramil Quliyev 2012-ci ildə Londonda keçiriləcək Olimpiadada iştirak etmək istəyirsə, yalnız Azərbaycan yığmasının heyətində çıxış etməlidir.

Xatırladaq ki, Ramil Quliyev ötən il vətəndaşlığını dəyişərək Türkiyə yığması heyətində çıxış etməyi qərara almışdı. Türkiyə vətəndaşlığını alan Ramil Quliyev böyük yarışlarda həmin ölkə adından çıxış etmək niyyətində idi.